Suriya ordusunun hücumu nəticəsində dörd Türkiyə hərbçisi həlak olub. Türkiyə cavab atəşi açıb

Şəklin mənbəyi, EPA
Türkiyə prezidenti Recep Tayyip Erdoğan bəyan edib ki, cavab tədbirləri davam etdiriləcək. O həmçinin qeyd edib ki, ilkin məlumata görə Suriya ordusunun "intensiv atəşinə" Türkiyənin cavabı nəticəsində 30-35 suriyalı "zərərsizləşdirilib".
"Biz hücumlara cavab verdik. Artilleriya və minaatanlardan istifadə edərək cavab verməyə davam edəcəyik. Ölkəmizin və İdlibdəki qardaşlarımızın təhlükəsizliyini təmin etmək üçün bu əməliyyatları davam etdirmək əzmindəyik" - "Reuters" agentliyi Erdoğan-a istinadən belə yazır.
Erdogan-ın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) nümayəndəsi Ömer Çelik bəyan edib ki, Suriya hərbçiləri artıq Türkiyənin legitim hədəfi sayılırlar.
"Əsəd rejiminin hərbi qüvvələri postlarımızın yaxınlığındakı hərbi qüvvələrimizə hücum edəndən sonra Rusiyanın onları müdafiə etməyəcəyini düşünürük" - CNN Türkə müsahibəsində o, belə deyib.
Müşahidə postları 2017-ci ildə Rusiya, Türkiyə və İran arasındakı razılaşmaya əsasən yaradılıb.
Rusiya hərbçiləri isə bildiriblər ki, Türkiyə əsgərləri terrorçulara açılan atəşə tuş gəliblər. "Fevralın ikisindən üçünə keçən gecə, günün qaranlıq saatlarında Türkiyə hərbi qüvvələri İdlibdəki de-eslakasiya zonasında hərəkət ediblər və Suriya hökumət qüvvələrinin Sərakab şəhərinin qərbindəki terroristlərə açdığı atəşə tuş gəliblər" - Suriyada döyüşən tərəfləri barışdırma mərkəzinin bəyanatında belə deyilir.
"Türkiyə HHQ-si Suriya sərhəddini pozmayıb, hökumət qoşunlarına zərbə faktları qeydə alınmayıb" - Rusiya hərbçilərinin açıqlamasında bu da qeyd edilib. Türkiyə Suriyanın şimal-qərbindəki İdlib şəhərində hökumət qüvvələrinin açdığı atəş nəticəsində 4 hərbçisinin həlak olduğunu, 9-un yaralandığını, cavab atəşiylə 35 Suriya əsgərinin öldürüldüyünü açıqlayıb.

Şəklin mənbəyi, AFP
Türkiyə bəyan edir ki, onun hərbçiləri hərbi toqquşmalara mane olmaq üçün İdlibdədirlər və onların ərazidə hərəkəti əvvəlcədən razılaşdırılır.
Təhlükəsizlik xidmətinin əməkdaşlarından biri "Reuters"-ə bildirib ki, Türkiyə hərbçiləri İdlibdən 15 km şərqdə yerləşən Sərakab şəhəri yaxınlığında həlak olublar.
Sonuncu dayaq
İdlib şəhəri üsyançıların son dayağı hesab olunur. Suriya Prezidenti Bəşər Əsədin əsas müttəfiqi olan Rusiya 2018-ci ildə İdlibdə de-eslakasiya zonası yaradılması barədə Türkiyəylə razılaşma imzalayıb. Razılaşmanın şərtləri pozulub.
Bu yaxınlarda Erdogan Rusiyanı bölgədə hərbi əməliyyatların azaldılması şərtini pozmaqda günahlandırıb:
"Təəssüf ki, Rusiya nə Astana, nə də Soçi razılaşmasına əməl edir. Bu ana qədər biz gözləmişdik, ancaq indidən sonra özümüz qərar verəcəyik. Bu, hədə-qorxu deyil, Rusiyanın Suriya rejimini xəbərdar etməsi gözləntisidir".
Rəsmi Moskva isə bu ittihamı hələ ötən həftənin cümə günü rədd edib.
"Biz üzərimizə götürdüyümüz öhdəliklərə əməl edirik" - Rusiya XİN-in nümayəndəsi Mariya Zaxarova belə deyib.
Bazar günü Türkiyənin 200 hərbi texnikasının Suriya ərazisinə daxil olduğu xəbəri yayılıb.
İlin əvvəlində minlərlə insan Suriya ordusunun hücumlarından qorunmaq üçün İdlibdən qaçaraq Türkiyə sərhədinə sığınmaq məcburiyyətində qalıb. Hesab olunur ki, bu hücumlara Rusiya dəstək verir.
Ərazisində 3,6 milyon suriyalı olan Türkiyə İdlibə hücumlar nəticəsində yeni qaçqın dalğasının yaranacağından ehtiyat edir.





