"Mən üç ay dolabda yatmışam"

Mathias Mikkelsen

Şəklin mənbəyi, Mathias Mikkelsen

Şəklin alt yazısı, Mathias bu dolabda 12 həftə ərzində yaşayıb
    • Müəllif, Will Smale
    • Vəzifə, BBC News

BBC-nin həftəlik "The Boss" seriyası dünyanın müxtəlif ölkələrindən olan iş adamları barədə qısa bioqrafik oçerklər təqdim edir.

Həmin öçerklərdən birində söhbət Memory adlı Norveç texnoloji şirkətin qurucusu Mathias Mikkelsen haqqındadır.

Mathias Mikkelsen biznesini qurmağa o qədər can atırdı ki, üç ay dolabda yatıb.

2013-cü ilin sonlarında, o zaman 23 yaşlı sahibkar öz startup ideyası üçün dəstək tapmaq məqsədiylə Norveçdən Kaliforniyadakı Silikon Vadisinə köçdü.

Həmin startup ideyası Timely adlı bir onlayn layihəsi və vaxtı təşkiletmə sxemi idi.

Norveçli üçün yalnız bir böyük problem var idi - o, San Francisco Bay bölgəsində bir nəfər belə tanımırdı.

"O vaxt Norveçdə həqiqətən texnoloji startup üçün bir mühit yox idi. Buna görə qərara gəldim ki, dünyanın texnoloji paytaxtı olan Silikon Vadisinə yollanmaq mənim üçün ən yaxşı qərar olar," - Matias deyir.

"Ancaq mən orada heç kimi tanımırdım. Odur ki, ora çatanda insani instinktim işə düşdü və qarşıma qoyduğum ilk məqsəd dost tapmaq oldu. Sonra anladım ki, insanların çoxu iş və ya universitet vasitəsiylə dost tapır, mən isə işə girmək və ya tələbə olmaq niyyətində deyildim".

Mathias Mikkelsen

Şəklin mənbəyi, Mathias Mikkelsen

Şəklin alt yazısı, Üç ay dolabda yaşadıqdan sonra Mathias haker evini bir nəfər tərk etdiyinə görə, nəhayət, çarpayı əldə edə bildi

Buna görə də çox qısa bir zamanda tənha qalmaq perspektivi ilə qarşılaşan Mathias bic bir plan hazırladı.

"Mən qərara gəldim ki, Airbnb vasitəsiylə şərikli kirayə əsasında evlərdə otaq tutum və hər həftə yeni bir yerə köçüm, - o deyir. - Bu yolla, orta ehtimal qaydası ilə dostlar tapmağa başlayardım."

Mathias-ın planı özünü doğrultdu: növbəti aylar ərzində yavaş-yavaş yoldaşlar çevrəsi yaranmağa başladı.

Lakin o özünə yeni bir məqsəd seçdi - "haker evinə" düşmək.

Haker evi texnologiyalar sahəsində biznes qurmağa, biznes təşəbbüslərini həyata keçirməyə çalışan bir qrup gənc sahibkarın şərikli olaraq qaldıqları evə deyilirdi.

Bu cür şərikli sxem iştirakçılar arasında ideya, məsləhət və əlaqələrin mübadiləsinə şərait yaradır.

2014-cü ilin ortalarında o, nəhayət Silikon Vadisində belə bir evə köçməyə nail ola bildi, amma orada bir problemlə üzləşdi; yataqların hamısı tutulmuşdu. Odur ki, həmin evdə qalmaq istəyirdisə, bunun üçün yalnız bir imkan var idi: pəncərəsiz bir dolabda, hava doldurulan döşəkdə yatmaq.

İndi 29 yaşında olan Mathias deyir ki, o, bu şansı əldən buraxmadı. "Mən üç ay bu dolabda yatdım. Özümü axmaq birisi kimi hiss edirdimmi, utanırdımmı? Əsla, yox, - o deyir. - Haker evində qaldığım dövrü də özüm üçün çox qiymətli sayıram. Bir sahibkar kimi bunun mənə çox böyük xeyri oldu. Düşünürəm ki, həmin təcrübə olmadan bu günədək əldə etdiklərimə nail ola bilməzdim".

Memory şirkəti

Şəklin mənbəyi, Memory

Şəklin alt yazısı, Mathias-ın Memory adlı şirkətində indi 45 işçi işləyir

Hazırda Mathias-ın Timely adlı zaman menecmenti tətbiqi 160 ölkədə 5000-dən çox şirkətdə işlədilir.

Norveçin uzaq şimalında doğulmuş Mathias paytaxt Oslonun ətrafında yerləşən bir şəhərdə böyüyüb.

O deyir ki, uşaqlıqda peşəkar futbolçu olmaq, İngiltərənin Manchester United futbol klubunda oynamağı arzulayıb, lakin sonradan yeniyetmə yaşlarında kompüter proqramları yazmağı daha çox meylli olduğunu anlayıb.

Hələ orta məktəbdə oxuyarkən o, əlavə məşğulluq kimi şirkətlər üçün vebsayt dizaynı işini görürdü və bundan qazancı da olurdu.

Mathias deyir ki, "ilk ödəniş gələnə qədər" valideynləri onun bu cür işlərini alqışlamırdı.

18 yaşında məktəbi bitirdikdən sonra o, Osloda bir sıra rəqəmsal dizayn şirkətlərində işləmişdir. Həmin dövrdə o, o cümlədən, Norwegian Air hava yolları şirkəti üçün uçuş zamanı işlədilən əyləncə proqramı yaratmışdı, UNİCEF xeyriyyəçiliyi üçün isə bir Facebook kampaniyası təşkil etmişdi.

Lakin özü özünün patronu olmaq və öz biznesini qurmaq ideyasını gerçəkləşdirmək üçün o, Timely layihəsi üzərində işləməyə başladı.

Mathias ilk iterasiyasını 2013-cü ilin mayında, hələ Osloda yaşayarkən yaratdı, lakin bu ona "heç nə vermədi".

"Facebook-da bəziləri layk etdi, dostlarımdan "əla" işarələri gəldi, lakin real müştərilərdən sifariş gəlmədi, - o deyir. - O iş tamamilə cəhənnəmə getdi. Mən həmin layihəyə var gücümü sərf etmişdim, gecə-gündüz onun üzərində işləmişdim, sonra onu təqdim etdim və nəticəsi də milçək vızıltısı oldu. Bu, məyusedici idi, nəfəskəsici idi".

Olso

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, 2015-ci ildə Mathias biznesini yenidən Oslo şəhərinə köçürdü

Mathias deyir ki, pulu bitmək üzrə olanda, o, anladı ki, yalnız sonuncu bir şansı qalıb - Timely tətbiqi layihəsində mütləq uğur qazanmaq.

Odur ki, o, böyük riskə getmək qərarına gəldi - Oslodakı mənzilini satdı və pul yığaraq Silikon Vadisinə yollandı.

Haker evindəki keçirdiyi dövrdən və Hindistanda bir proqramçı ilə işlədikdən sonra Mathias 2014-cü ilin sonunda Timely tətbiqinin ikinci iterasiyasını təqdim etdi.

Bir il sonra Mathias, Memory adlandırdığı biznesini yenidən Osloya qaytarmaq qərarına gəldi.

"Mən şəhəri tərk etdiyim zaman orada heç bir texnoloji startup platforması yox idi, sonradan isə onlar sürətlə yaranmağa başladı. Oslo indi texnologiya sahəsi üzrə peşəkar işçi tapmaq üçün əla yerdi".

ABŞ, İngiltərə və Norveçdəki investisiya firmalarından $6 milyon dollar investisiya almış Memory şirkətində indi 45 işçi işləyir, şirkətin illik satdığı məhsulunun dəyəri isə $2 milyondan çoxdur.

Mathias Mikkelsen

Şəklin mənbəyi, Inger Uppman

Şəklin alt yazısı, Mathias öz biznesini $6 milyon dollarlıq xarici sərmayə ilə təmin edib

Mathias kimi sahibkarlar "orta statistik insanlardan fərqli olaraq müəyyən anadangəlmə xüsusiyyətlərə malikdirlər, - Cardiff Metropolitan Universitetinin sahibkarlıq üzrə professoru Brian Morgan deyir. - Bu, o deməkdir ki, onlar risk altına girməyə və açılan fürsətdən istifadə etməyə daha meyillidirlər".

"Məhsulun inkişafının ilk illərində davamlılıq məsələsi həmişə mühüm olur - bu, gələcək ürəkaçan görünməyəndə işi davam etdirmək bacarığı və həmçinin özünəgüvən xüsusiyyətini - yəni problemi həll etmək üçün yeni yollar tapa bilmək qabiliyyətini və yalnız özünə arxalanmaq üçün kifayət qədər inamlı olmağı nəzərdə tutur".

"Silikon Vadisində yeni startup biznesinə başlamaq üçün dolab kirayələmək də uğurlu bir sahibkar olmaq üçün lazım olan əzmkarlıq və ehtirasın mükəmməl bir nümunəsi kimi mənə görünür".

Üç ay ərzində dolabda yaşadığı dövrü yada salan Mathias deyir ki, "bu, bir fanatizm dövrü idi, amma eyni zamanda çox əla bir dövr idi".

Və o, əlavə edir: "Mən hər gün, hər dəqiqə işləyirdim, odur ki, açığı, harada yatdığıma heç əhəmiyyət də vermirdim".