ABŞ və İran arasında əsir mübadiləsi: alim alimə dəyişdirilib

İrabıb Xarici İşlər naziri Cavad Zərif və professor Məsud Süleymani

Şəklin mənbəyi, Javad Zarif Twitter

Şəklin alt yazısı, İrabıb Xarici İşlər naziri Cavad Zərif və professor Məsud Süleymani

İranla ABŞ arasında əsir mubadiləsi həyata keçirilib - İranda casusluq ittihamıyla həbs olunan Çin əsilli ABŞ tədqiqatçısı Xiyue Wang ABŞ tərəfinə, ABŞ-da həbs olunan iranlı alim, professor Məsud Süleymani isə İran tərəfinə verilib.

Xiyue Wang İranda 2016-cı ildə həbs edilib və xarici rəsmilərə işləməkdə günahlandırılıb, 10 il müddətinə azadlıqdan məhrum edilib və həmin müddətin üç ilini artıq çəkmişdi.

Xiyue Wang dissertasiyası işi çərçivəsində İranda tədqiqat aparıb. O, Amerika və Britaniya elmi təşkilatlarına ötürmək üçün məxvi məlumatlar əldə etməyə çalışmaqda ittiham edilmişdir.

Gövdə hüceyrələri sahəsində mütəxəssis olan Məsud Süleymani 2018-ci ildə ABŞ-da həbs edilib.

O, nüvə proqramına görə ölkəyə tətbiq olunan ticarət sanksiyalarını pozaraq İrana biomaterial ixrac etməyə cəhd göstərməkdə ittiham olunub.

Hər iki alim günahsız olduqlarını israr ediblər.

Əsir mübadiləsi illərdir ki, münasibətləri son dərəcə gərgin olan bu iki ölkə arasında qarşılıqlı əməkdaşlığın nadir bir hadisəsidir.

1979-cu il İslam İnqilabından bəri ABŞ və İran arasında diplomatik münasibətlər yox vəziyyətindədir.

Əsir alimlərin mübadiləsi İsveçrə hökumətinin vasitəçiliyi ilə mümkün olub.

İsveçrədə Xiyue Wang-ı ABŞ səfiri Edward McMullen qarşılayıb

Şəklin mənbəyi, US Embassy Bern

Şəklin alt yazısı, İsveçrədə Xiyue Wang-ı ABŞ səfiri Edward McMullen qarşılayıb

İranın Xarici İşlər naziri Cavad Zərif Süleimani ilə birgə fotosunu paylaşaraq öz Twitter hesabında bunları yazıb: "Şadam ki, professor Məsud Süleymani və cənab Xiyue Wang tezliklə yaxınlarını görəcəklər".

ABŞ prezidenti Donald Trump da bu hadisə barədə fikirlərini bildirib: "Əsir götürülən amerikalıların sərbəst buraxılması mənim administrasiyam üçün böyük əhəmiyyət kəsb edir. Xaricdə əsir düşən vətəndaşlarımızın vətənə qayıtması üçün səylərimizi davam etdirəcəyik".