Tesla Cybertruck: Elon Musk-ın yeni avtomobili üçün 150000-dək sifariş gəlib

Şəklin mənbəyi, TESLA
Elon Musk-ın Tesla şirkəti tərəfindən hazırlanmış pikap tipli yeni Cybertruck avtomobili üçün artıq indidən təxminən 150000-ə yaxın sifariş alınıb.
Şənbə gün Elon Musk özünün Twitter səhifəsində qeyd edib ki, maşının hələlik reklam olunmamasına baxmayaraq Cybertruck avtomobili üçün artıq 146000 sifariş gəlib.
Ötən həftənin cümə axşamı günü Kaliforniyanın Hawthorne şəhərində keçirilmiş təqadimat mərasimi Elon Musk-ı pərt edən hadisəylə yadda qalıb.
Tesla-nın rəhbəri təqdimata toplaşan auditoriyaya maşının özünün və o cümlədən pəncərə şüşələrinin gülləyə belə tab gətirdiyini bildirsə də, nümayiş zamanı onun köməkçisinin yaxın məsafədən atdığı dəmir top Cybertruck-ın pəncərə şüşələrini qırıb.
Musk vəziyyətdən zarafatla çıxmağa çalışaraq deyib: "Maşının təkmilləşdiriləcəyi yerləri var".
Təqdimat zamanı Musk eləcə də qeyd edib ki, Cybertruck hərəkətə gələrkən 3 saniyəyə 100km/saat sürətinə çatır.
İndiyədək istehsal olunmuş bütün maşınların ənənəvi görünüşündən öz futuristik dizaynı ilə fərqlənən Cybertruck təqdimatda alqışlarla qarşılanıb.
Təhlilçilərin təxminlərinə görə, Cybertruck avtomobili satışa 2021-ci ilin sonunda çıxarıla bilər və bu maşının satış qiymətinin azı 40 min dollar olacağı gözlənilir.
Cümə günü Tesla şirkətinin səhmləri 6% ucuzlaşıb, nəticədə, Musk-ın şəxsi sərvəti bir gün ərzində $768 milyon azalıb, Forbes nəşri bildirib.
Cybertruck avtomobilinin en ucuz modeli maşının bataraeyaları bir dəfə doldurulduqdan sonra 402 kilometrlik məsafəni qət edə bilir.
70 min dollarlıq model isə bir dəfəyə 804 kilometrlik yol keçə bilir. Altınəfərlik pikap 1587 kg-dək yük daşıya bilir.

Şəklin mənbəyi, TESLA







