Erdoğan-Putin görüşündən nə gözlənir?

Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Recep Tayyip Erdoğan

Şəklin mənbəyi, AFP

Çərşənbə günü Türkiyə prezidenti Recep Tayyip Erdoğan və Rusiya prezidenti Vladimir Putin Soçidə görüşəcək.

Bu görüş Türkiyə-ABŞ razılaşması ilə YPG-nin"təhlükəsiz bölgə" adlandırılan ərazidən çıxması üçün verilən 120 saatlıq müddətin tamamlanması ilə eyni günə təsadüf edir.

İki prezidentin görüşündə rəsmi Moskva ilə Ankara arasında Suriya ərazisində yeni şərtlərlə bağlı yeni razılaşma əldə ediləcəyi gözlənir.

Rusiya 2016-cı ilin ortalarından bəri Suriya məsələsində Bəşər Əsədin dəstəkçisidir.

Türkiyə sərhədlərinin təhlükəsizliyi üçün YPG-nin ən azı 32 kilometr cənuba çəkilməsini, Rusiyanın da bunda iştirak etməsini istəyir.

Rusiya isə Türkiyənin təhlükəsizlik qayğılarının həll edilməsinin vacibliyini bildirsə də, bunun Ankara ilə Dəməşq arasında 1998-ci ildə əldə olunan Adana razılığı çərçivəsində olmalı olduğunu qeyd edir.

Adana razılaşması nədir?

Suriya 1980-90-cı illərdə PKK və lideri Abdullah Öcalana öz torpaqlarında hərbi düşərgə salmağa və Türkiyəyə terror hücumları etməyə icazə vermişdi.

Türkiyə bu problemin qarşısını almaq üçün illərlə diplomatik yollardan istifadə etsə də, nəticəsiz qalmışdı. 1998-ci ildə Türkiyə öz sərhəddində hərbi əməliyyatlara başlamışdı.

İki ölkə arasındakı hərbi çatışma beynəlxalq qurumları hərəkətə gətirdi və Suriya ilə Türkiyə rəsmilərinin Adanada görüşü zamanı bu problemin həllinə yönəlik razılaşma əldə olundu.

O vaxt Türkiyənin prezidenti Süleyman Dəmirəl, Suriyanın rəhbəri isə Hafiz Əsəd (Bəşər Əsədin atası) idi.

"Barış Pınarı Hərakatı"

Şəklin mənbəyi, AFP

Ərdoğan-Putin görüşü həm vaxt baxımdan, həm də Suriyanın hərbi və siyasi gələcəyi üçün həlledicidir. Buna görə də böyük əhəmiyyət daşıyır.

Oktyabrın 17-də YPG-nin təyin olunmuş ərazidən çəkilməsi üçün 120 saat vaxt verilib. Bu müddət bu gün Türkiyə vaxtilə 22:00-da başa çatır.

Bu gün gəlinən nəticələrdən aslı olaraq, Türkiyənin "Barış Pınarı Hərakatı"-nı yenidən başladıb- başlatmayacağı ilə bağlı qərar verəcəyi gözlənir.

Türkiyə və ABŞ arasında əldə olunan razılaşmaya görə, YPG Suriyanın şimal-şərqində Tel Abyad və Ras'ul Ayn şəhərləri arasında qalan 120 kilometrlik bölgədən 32 kilometr cənuba çəkilir və bundan sonra rəsmi Ankara 9 oktyabrda başlatdığı əməliyyatı tamamilə dayandırır.

Ankara bu razılaşmadan sonra Fərat çayının qalan hissəsini nəzarətə götürmək və bütün sərhədini qorumaq məqsədilə təhlükəsiz bölgə qurmaq üçün Rusiya ilə də anlaşmaq niyyətindədir.