"Barış Pınarı Hərəkatı:" ABŞ və Türkiyə arasındakı razılaşmadan kim nə qazandı?

Şəklin mənbəyi, Reuters
"Barış Pınarı" əməliyyatının 8-ci günündə Ankarada Türkiyə prezidenti Recep Tayyip Erdoğanın rəhbərlik etdiyi heyətlə ABŞ-ın vitse-prezidenti Mike Pence və digər amerikalı rəsmilər arasında Suriyanin şimal-şərqindəki vəziyyətlə bağlı razılaşma əldə olunub.
Razılaşmaya görə, Türkiyə əməliyyata 120 saat fasilə verəcək və bu müddət ərzində əsasən kürdlərdən təşkil olunan YPG sərhəddən Suriyanın içərisinə doğru yaradılacaq təxminən 32 kilometrlik təhlükəsizlik zolağını tərk etməlidir.
Proses bitəndən sonra Türkiyə hərbi əməliyyatı tamamilə dayandıracaq, ABŞ prezidenti Donald Trump-ın imzasıyla qüvvəyə minmiş sanksiyalar aradan qaldırılacaq.
Razılaşmanın bəzi maddələri Türkiyə və ABŞ arasında 7 avqustda əldə olunmuş təhlükəsiz zona anlaşmasının təkrarıdır.
Ancaq ABŞ hərbçilərinin və YPG-nin çəkildiyi əraziyə Rusiya və Suriya ordularının girməsiylə bölgədə balansın dəyişməsi kimi vacib məsələyə razılaşmada heç bir münasibət bildirilməyib.
Razılaşma hansı məsələləri əhatə edir?
ABŞ və Türkiyə heyətləri arasındakı görüş 4 saatdan çox davam edib.
Görüşün sonunda açıqlanan 13 maddəlik razılaşmanın ilk 3 maddəsində NATO üzvü olan iki ölkə arasında münasibətlərin əhəmiyyəti və daha yaxın koordinasiyanın vacibliyi vurğulanıb; qeyd edilib ki, ABŞ Türkiyənin Suriya sərhədlərindəki "qanuni təhlükəsizlik maraqlarını" anlayır.
Ekspertlər hesab edirlər ki, razılaşmada NATO müqaviləsinin 5-ci maddəsini təşkil edən "kollektiv müdafiə" anlayışına istinad edilməsi son dövrdə Türkiyə-NATO əlaqələriylə bağlı ortaya çıxmış suallara dolayısıyla da olsa cavab vermək məqsədi güdür.
İki ölkənin koordinasiya edəcəyi daha bir sahənin İraq İslam Dövlətiylə (İŞİD) mübarizə olduğu növbəti dəfə vurğulanıb. Razılaşmaya görə, ABŞ Türkiyənin nəzarət edəcəyi bölgədə dinc əhalinin təhlükəsizliyinə təminat verir.

Şəklin mənbəyi, Getty Images
Təhlükəsiz zona yaradılacaqmı?
Razılaşmanın ən vacib məqamları son beş maddədə əks olunub.
Ekspertlərin qənaətinə görə, 9-cu maddə Türkiyənin ABŞ-dan çoxdan tələb etdiyi şərtlərin qəbul edilməsi baxımından çox əhəmiyyətlidir.
Onlar qeyd edirlər ki, ağır silahların YPG-dən alınması, bu təşkilata aid istehkamların ləğv edilməsi və "təhlükəsiz zona" yaradılması şərtinin yenidən rəsmiləşdirilməsi Ankara üçün "kiçik də olsa qazancdır".
ABŞ və Türkiyə arasında təhlükəsiz zonayla bağlı ilk razılaşma 2019-cu ilin avqust ayında əldə edilib. Bu razılaşmaya görə, əksəriyyəti kürdlərdən ibarət olan Suriya Demokratik Qüvvələri (SDQ) sərhəd bölgəsindən çəkilib, ABŞ və Türkiyə orda ortaq patrul fəaliyyəti göstərib.
Sonradan tələblərinin heç də hamısının yerinə yetirilmədiyini bildirən Türkiyə "Barış Pınarı" əməliyyatına başlayıb.
Yeni razılaşmanın 10-cu maddəsində təhlükəsizlik bölgəsinə əsasən Türkiyə Silahlı Qüvvələrinin nəzarət edəcəyi, prosesin Türkiyə və Amerika arasında koordinasiya şəraitində reallaşdırılacağı qeyd olunub.
Ekspertlərin fikrinə görə, avqustdakı razılaşma çərçivəsində Ağcaqalada qurulan Birgə Koordinasiya Mərkəzinin fəaliyyəti, o cümlədən quruda və havada birgə patrul nəzarəti davam etdiriləcək.
Ekspertlər, həmçinin qeyd edirlər ki, təhlükəsiz zona yaradılması yenidən və daha əsaslı şəkildə təsdiqlənmiş olsa da, indiki mərhələdə bunu reallaşdırmağın mümkün olub-olmayacağı sual altındadır.

Şəklin mənbəyi, TCCB
Tərəflər hansı məsələlərdə geri çəkilirlər?
Razılaşmanın əsas şərti - tərəflərin hansı məsələlərdə geri addım atacağı 11-ci maddədə göstərilib.
YPG-nin təhlükəsiz zonadan çıxması üçün döyüşlərə 120 saat fasilə verməyə razılaşan Türkiyə bu proses tamamlanandan sonra əməliyyata birdəfəlik son verməyi qəbul edib.
Xarici İşlər naziri Mevlüt Çavuşoğlu bildirib ki, razılaşma mətnində qeyd olunmasa da təhlükəsiz zona Donald Trump-ın 2019-cu ilin əvvəlində dediyi 20 millik, yəni 32 kilometrlik ərazini əhatə edəcək. Görüşdən sonra keçirdiyi mətbuat konfransında Pence də bu rəqəmi səsləndirib.
Ekspertlərə görə, Türkiyə Menbiclə İraq sərhədi arasındakı bölgəyə nəzarəti SPQ-dən almaq məqsədinə çatmadan ABŞ-ın və beynəlxalq aləmin təzyiqləri nəticəsində hərbi əməliyyatı durdurmaq şərtini qəbul etməklə geriyə doğru addım atıb.
Onlar bildirirlər ki, razılaşmada əməliyyat dayandırılandan sonra Türkiyə hərbçilərinin bölgədən çıxmasıyla bağlı hər hansı qeyd yoxdur.
ABŞ rəsmiləri Türkiyənin bu güzəştinə cavab olaraq Trump-ın daha əvvəl açıqladığı sanksiyaların bir həftə ərzində geri çəkiləcəyini açıqlayıblar.
Eyni zamanda o da məlum olub ki, görüşdə Türkiyəyə qarşı daha sərt və əhatəli sanksiyalar tətbiq edilməyəcəyi vədi verilib.

Şəklin mənbəyi, AFP
Bölgədəki balans necə dəyişdi?
Son bir həftədə baş verənlər Türkiyə və ABŞ münasibətlərində ən gərgin dönəmlərdən birinin yaşanmasına, Suriyadakı vətəndaş müharibəsi nəticəsində bölgədə yaranmış balansın dəyişməsinə səbəb olub.
ABŞ-ın və SDQ-nin çəkildiyi Menbic və Kobani şəhərlərinə Rusiya və Suriya ordularının girməsi çox kiçik bir ərazidə Türkiyə, Rusiya, Suriya və ABŞ hərbçilərinin toplanmasına yol açır.
Çavuşoğlu bu iki şəhərlə bağlı məsələnin Türkiyə və Rusiya arasındakı kanallar vasitəsilə müzakirə olunacağını, Pence-nin də eyni mövzuda "Ruslarla danışacağıq" dediyini bildirib.
Ekspertlər hesab edirlər ki, yaranmış vəziyyət Fərat çayının şərqində qalan bölgəylə bağlı məsələləri 9 oktyabra qədər ancaq ABŞ-la müzakirə edən Türkiyənin problemi artıq həm də Rusiyayla müzakirə etməli olacağına işarə verir.
Onlar, həmçinin qeyd edirlər ki, Suriya ordusunun Türkiyə sərhədinə yaxın bir nöqtəyə gəlməsi Ankara üçün Moskvayla yeni bir razılaşma zərurəti yarada bilər.
Ekspertlər 120 saatlıq fasilə bitən gün, yəni oktyabrın 22-də baş tutacaq Erdoğan-Putin görüşünün əhəmiyyətinə həm də bu tarixə görə xüsusi diqqət ayırırlar. Onlar hesab edirlər ki, bundan sonrakı mərhələdə Türkiyə artıq ABŞ və Rusiya arasında balanslı siyasət yürütmək məcburiyyətində qalacaq.










