Erdoğan: "ABŞ-ın verdiyi söz yerinə yetirilməzsə, hərəkatımız davam edəcək"

Şəklin mənbəyi, AFP
Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirib ki, ABŞ-la əldə olunan razılaşma nəticəsində YPG-nin 120 saatın sonunda bölgədən çəkiləcəyi təqdirdə "Barış Pınarı Hərəkatı"nın sona çatacağını deyib.
"ABŞ-ın verdiyi söz yerinə yetirilməzsə, 120-ci saatın bitdiyi dəqiqə "Barış Pınarı Hərəkatı"mız daha qətiyyətlə qaldığımız yerdən davam edəcək", cənab Erdoğan İstanbulda jurnalistlərə bildirib.
O hərbi əməliyyatla bağlı rəqəmləri də açıqlayıb.
"1081 hava hücumunda 20 mülki insanı şəhid verdik. Zərərsizləşdirdiyimiz terrorçuların sayı 750-dən çox oldu" deyən Erdoğan Suriya Milli Ordusunun 74 itki verdiyini söyləyib.
O həmçinin deyib ki, "YPG 750 İŞİD-çini sərbəst buraxıb, Türkiyə ordusu isə 195-ni saxlayıb".
"Hazırda Təl-əbyadla Rəsulaynın arası təmizlənib. Bu bitməyib", o əlavə edib.
Erdoğan "təhlükəsiz zonada" 12 müşahidə nöqtəsinin qurulmasını planlaşdırıldığını deyib.
Türkiyə cümə axşamı günü Suriyanın şimalında hərbi müdaxiləyə fasilə verməyə razılaşıb, YPG beş gün ərzində sərhəddən 32 km cənuba çəkilməlidir.

Şəklin mənbəyi, AFP/Getty
Bunu Türkiyədə prezident Recep Tayyip Erdoğanla görüşündən sonra ABŞ-ın vitse-prezidenti Mike Pence mətbuata açıqlamasında deyib.
Türkiyə hərbi əməliyyatlarını 120 saat ərzində dayandıracaq, bu müddət ərzində isə ABŞ, əsasən kürdlərdən təşkil olunan YPG-nin geri çəkilməsinə yardım edəcək, məlumatda deyilir.
Mike Pence deyib ki, YPG çəkiləndən sonra Türkiyə "Barış Pınar hərəkatını" dayandıracaq.
Pence əlavə edib ki, iki ölkə "təhlükəsiz bölgə araşdırması çərçivəsində birgə işləyəcəklər".
Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu Ankarada keçirdiyi mətbuat konfransında bildirib ki, "bu əraziyə nəzarət Türkiyədə olacaq".
Türkiyə oktyabrın 9-da Suriyanın şimalına doğru irəliləyib. Türkiyənin məqsədi sərhədində "təhlükəsiz bölgə" yaratmaqdır.
Erdoğan hakimiyyəti Suriya-Türkiyə sərhəddində məskunlaşmış, özünü İslam Dövləti adlandıran silahlı qruplaşma ilə mübarizədə ABŞ-ın müttəfiqi olmuş YPG-ni PKK-nın bir qolu sayır.
PKK Türkiyədə terror təşkilatı kimi tanınır.






