Tunisin mühacir olan keçmiş prezidenti Ben Əli vəfat edib

Şəklin mənbəyi, Getty Images
Tunisin keçmiş prezidenti və Səudiyyə Ərəbistanında mühacir olan Zeynalabdin Ben Əli sentyabrın 18-i 83 yaşında vəfat edib, onun ailəsi bildirib.
Tunisi 23 il idarə edən bin Əlinin ölkəsinə sabitlik və iqtisadi rifah gətirdiyi deyilir.
Lakin, o, siyasi azadlıqları pozduğuna və geniş yayılmış korrupsiyaya görə təndiq edilib.
Ben Əli 2011-ci ildə kütləvi etiraz aksiyaları nəticəsində Tunisi tərk etməli olub. Tunisdəki kütləvi qeyri-hökuməti aksiyalar digər ərəb ölkələrində də bənzər etiraz hərəkatlarının yaranmasına səbəb olub.
Nəticədə regionda bir çox ölkədə prezidentlər hakimiyyətdən qovulub və ya müharibələr başlayıb. Bu hadisələr "Ərəb Baharı" adı ilə populyarlaşıb.
Hakimyyəti tərk etdikdən sonra, Zenalabdin Ben Əli Səudiyyə Ərəbistanında mühacir həyatı yaşayıb.
Onun yas mərasimi cümə günü Səudiyyə Ərəbistanda baş verib, vəkili Reuters xəbər agentliyinə bildirib.


Şəklin mənbəyi, Getty Images
Həddsiz nəzarət onun hakimiyyətini sona çatdırıb
Təhlil - Richard Hamilton, BBC News
Ben Alinin avtokratik prezidentliyi Tunisə sabitlik gətirsədə, ölkəsinə çox az azadlıq bəxş edib.
O, hakimiyyətə 1987-ci ildə, sələfi Həbib Burcibəni devirdikdən sonra gəlib. O, ölkəyə islahatlar, demokratiya, qadın hüquqları və təhsil gətirəcəyini vəd edib.
Lakin, o, daha azad və açıq bir cəmiyyəti yarada bilməyib.
Wikileaks-in dərc etdiyi məxfi diplomatik sənədlərdən birində, ABŞ-ın Tünisə keçmiş səfiri Ben Əli ailəsinin bir növ "mafiya" kimi göründüyü deyib. Sənəddə "mərkəzləşmiş korrupsiyanın" ölkəni talan etdiyi deyilir.
Ben Əli Tunisə bir qədər iqtisadi inkişaf gətirsə də, heç kəs onun üç ardıcıl seçkidə səslərin 99.9 faizini əldə etdiyinə inanmırdı.
O, geniş casus, məlumatçı və gizli polis şəbəkəsindən istifadə edərək hakimiyyətdə qalmağı bacarıb. Lakin sonda onun hədsiz nəzarətinə dair insanların qəzəbi Tunisdə çevrilişlə nəticələnib.
O, populyar etiraz hərəkatının qarşısını almağa yönəlmiş addımlarını çox gec atdı.

2011-ci ildə, Tunisdə məhkəmə Ben Əlini dövlət vəsaitini mənimsəməkdə təqsirli sayıb, onu qiyabi olaraq 35 il azadlıqdan məhrum edib.
2012-ci ildə isə ona 2011-ci ildəki çevrilişdə etirazçıların ölümünə görə qiyabi olaraq ömürlük həbs cəzası verilib. Həmin il başqa bir məhkəmə onu şiddətə və qətlə təhrikə görə qiyabi olaraq 20 il azadlıqdan məhrum edib.




