Amazon yanğınları: "Böyük yeddilik" yanğınlarla mübarizəyə 22 milyon dollar ayıracaq

Şəklin mənbəyi, AFP
"Böyük yeddilik" ölkələrinin liderləri Amazon meşələrindəki yanğınlarla mübarizə üçün nəqliyyat və maddi yardım etmək razılığına gəliblər.
Fransa prezidenti Emmanuel Macron deyib ki, "böyük yeddilik" ölkələri bunun üçün 22 milyon dollar ayıracaq.
Braziliya prezidenti Jair Bolsonaro söyləyib ki, cənab Macron-un Amazonu xilas etmək üçün olan "müttəfiqlik planı" ilə Braziliyaya "koloniya və ya kimsəsiz torpaq" kimi yanaşılıb.
Milli Kosmik Tədqiqatlar İnstitutunun məlumatları göstərir ki, bu il Braziliya boyu yanğınlar rekord həddə çatıb, onların çoxu Amazon bölgəsinə təsadüf edir.
Cənab Macron vəsaitin "dərhal" veriləcəyini deyib. Onun sözlərinə görə, maliyyə dəstəyi daha çox yanğınsöndürən təyyarənin cəlb edilməsi üçündür. O, Fransanın "yaxın bir neçə saat ərzində bölgədəki hərbi qüvvələrə konkret dəstək verəcəyini" də bildirib.
Braziliya prezidenti Twitter-də qeyd edib ki, Braziliyanın suverenliyinə hörmətlə yanaşılmalıdır.
G7 görüşündə nələr müzakirə olunub?

Şəklin mənbəyi, Getty Images
Bazar ertəsi günü gözlənildiyi kimi, G7 liderləri Amazon yanğınlarına kömək üçün texniki və maddi kömək planını müzakirə ediblər.
Fransa Prezidenti Macron-un sözlərinə görə, Braziliyadakı vəziyyət beynəlxalq böhran səviyyəsinə çatır.
Bazar günü Amerika Birləşmiş Ştatlarının (ABŞ) nümayəndə heyətinə böyük sürpriz İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif olub.
Şənbə günü isə qızğın müzakirələrə Rusiyanın bu dünya ölkələrinin inkişafına çalışan elit kluba geri qaytarılması ilə bağlı olub.
Rusiyanın vaxtına hələ var
Donald Trump jurnalistlərə deyib ki, G7 liderləri Rusiyanın bu kluba qaytarılması imkanlarını müzakirə ediblər.
"Bəzi şəxslər Rusiyanın qayıtmasını istəyirlər. Düşünürəm ki, bu, bütün dünya üçün xeyirli olardı. Məncə, bu, müsbət addım olardı. Mənimlə bu məsələdə həmfikir olanlar var və biz bunu müzakirə edirik. Məhz hansı qərarı qəbul edəcəyimizi bilmirəm, ancaq ötən axşam biz Rusiyanı geri qayıtması üçün dəvət etməyi istəyib-istəmədiyimizi müzakirə etdik", Donald Trump bazar günü deyib.
Trump-ın bu təklifi sammitdə anlayışla qarşılanmayıb.

Şəklin mənbəyi, Reuters
"Görüşdə müzakirələr G7-lərin liberal demokratlar olması yönündə olan fikirlərə görə yüngülcə gərginləşdi. Trump bu nəzər nöqtəsini paylaşmayıb", adının çəkilməsini istəməyən məmurlardan biri Reuters-ə söyləyib.
Trump düşünür ki, Rusiyanın əsas oyunçu olduğunu nəzərə alaraq, Suriya və İran kimi bəzi məsələlər üzrə danışıqlara Putinin cəlb edilməsi töhvə verə bilər.
Bununla yanaşı, France Press-in diplomatik dairələrə istinadən verdiyi məlumata görə G7-nin digər liderləri düşünür ki, Rusiyanı qrupa qaytarmaq üçün çox tezdir.
Rusiyanın G8 iclaslarına dəvət olunması Krımın ilhaqından və Ukraynanın cənub-şərqindəki münaqişədən sonra dayandırılıb.
Fransa Prezidenti Macron hesab edir ki, "Böyük Səkkizliyi" Ukraynadakı münaqişənin həll olunmadığı vaxtda Rusiyanın iştirakı ilə canlandırmaq aparıcı dünya güclərinin zəifliyinin təzahürü olacaq.

Şəklin mənbəyi, AFP
Avropa Şurasının sədri Donald Tusk da Amerika prezidenti ilə bu məsələdə həmfikir deyil. Tuskun sözlərinə görə, G7 ölkələrinin Rusiyanı "səkkizlər qrupuna" geri qaytarmağa tələsməmək üçün indi daha çox səbəbi var, nəinki 2014-cü ildə G8-lər qrupundan xaric olunarkən.
Donald Trump bildirib ki, Rusiya prezidenti 2020-ci ildə ABŞ-da keçiriləcək G7 sammitinə dəvətlilər arasında olacaq.
Tramp üçün günün sürprizi
Bazar günü G7 sammiti çərçivəsində keçirilən görüşlərdə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də görünüb və Barritzdən verilən xəbərə görə, bu, Trump və Amerika nümayəndə heyəti üçün sürpriz olub.

Şəklin mənbəyi, JAVAD ZARIF
Danışıqlarda qısa iştirak edən Zərif söhbət məhsuldar keçib. O Twitter hesabında yazıb ki, "qarşıdakı yol çətindir, ancaq cəhd etməyə dəyər".
Cümə günü sammitöncəsi Zərif Fransada prezident Macronla görüşüb. İran ABŞ arasında qarşılıqlı münasibətlə ABŞ-ın 2015-ci ildə İranın Nüvə Proqramı anlaşmasından birtərəfli çıxışından sonra pisləşmişdi.
Bu müqavilənin digər 5 iştirakçısı o cümlədən, Fransa və Rusiya sənədə sadiq qalıblar, İran isə ABŞ-ın hərəkətinə cavab olaraq nüvə proqramını aktivləşdirib.
Emmanuel Macron fəal şəkildə İran və ABŞ arasında yaranan gərginliyi yumşaltmağa çalışır, eləcə də müqavilənin iştirakçısı olan ölkələr buna çalışır. Bununla yanaşı Trump, vasitəçilik səylərinə şübhə ilə yanaşır.
"Biz öz işimizi görəcəyik, amma bilirsiniz, mən insanların danışmasını dayandıra bilmərəm. Danışmaq istəsələr, danışsınlar", - deyib.

Şəklin mənbəyi, Reuters
Fransa, İtaliya, Almaniya, Böyük Britaniya, Kanada, ABŞ və Yaponiyanın daxil olduğu "Böyük yeddilərin" sammiti avqustun 24-26-da Biarritzdə keçirilir.
Görüşdə Brexit də daxil olmaqla, Amazon meşələrindəki yanğın, İran məsələsi və beynəlxalq ticarətlə bağlı problemlər geniş müzakirə olunub.
1998-ci ildən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin forumu Rusiyanın iştirakı ilə "Böyük səkkizlik" olub. Lakin 2014-cü ilin iyununda Rusiyanın Krımı ilhaq etməsinə görə klub üzvləri Soçidə növbəti G8 sammitinə getməməyi qərara aldılar və Rusiya olmadan Brüsseldə toplaşdılar.








