Dorian Qasırğası: Baham adalarının əhalisi kömək istəyir

Şəklin mənbəyi, The Washington Post/Getty Images
Dorian Qasırğası ilə əlaqədar Şimali Baham adalarında, evlərinin damında qalmış insanlardan bəziləri xilas edilmək üçün çağırış ediblər.
Çərşənbə axşamı günü Dorian 3-cü dərəcəli qasırğa kimi qeydə alınıb, lakin Böyük Baham adası ötən gün ağır yağış, güclü külək və qasırğa dalğalara məruz qalıb.
Beşinci dərəcəli kateqoriya, saatda 297 kilometr sürətlə Abaco adasını vuran qasırğa azı beş nəfəri ölümünə səbəb olub.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) şərq sahillərində yaşayanlar Dorian Qasırğasının həmin istiqamətdə irəliləməsiylə əlaqədar gözləmə vəziyyətindədirlər.
Dorian Qasırğası ilə bağlı son xəbərlər nədir?
ABŞ Milli Qasırğa Mərkəzinin xəbərinə görə, Dorian Qasırğası gün ərzində cəmi 20 kilometr irəliləyərək 50 min adamın yaşadığı Böyük Baham adasının şimalında qərar tutub.
Milli Qasırğa Mərkəzi bu qasırğanı Saffir-Simpson şkalasında saatda maksimum 205 kilometr küləkləri olan üçüncü kateqoriyalı qasırğa kimi təsvir edib.
Bazar ertəsi günü Karib adalarında indiyədək qeydə alınan ən şiddətli fırtına buradakı binaların damlarını uçurub və güclü daşqına səbəb olub.
Beşinci şiddət kateqoriyasına yüksələn Dorian qasırğasında küləyin sürəti saatda 285 kilometrə çatır.
Rəsmilər xəbərdarlıq ediblər ki, hündürlüyü 7 metrə çatacaq və "həyat üçün təhlükəsi" olan qabarmanın olması da proqnozlaşdırılır.
Qasırğa yavaş-yavaş qərbə doğru irəliləyir və ABŞ-ın şərqindəki dəniz sahilindəki bölgələrə çata bilər.

Şəklin mənbəyi, Reuters
ABŞ-ın Florida, Georgia, Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət elan edilib.
Bazar günü günortadan sonra fırtına qısa müddətdə, Baham adalarını və Abako adalarını sulara qərq edib.
Fırtına, həmçinin şiddətli külək və leysan yağışları ilə Grand Bahama adasında da təsirini göstərib.
Baham adası sakinləri şiddətli küləklərin evlərin damlarını qoparmasının və bəzi evləri əhatə edən sel sularının görüntülərini sosial mediada yayımlayıblar.
Videolarda sel sularında olan dağıntılar və sellə gələn batmış gəmilərin görüntüləri var.
Ölkənin 700 adası ətrafında elektrik enerjisinin kəsilməsi və internetə girişin məhdud olduğu barədə məlumatlar var.
Hökumət qasırğa tüğyan edən ərazilərdə 14 sığınacaq açıb və təcili sığınacaqların siyahısına onlarla kilsə, məktəb və digər binaların adını daxil edib.
ABŞ prezidenti Donald Trump Polşaya olan səfərini təxirə salıb və fövqəladə vəziyyətin idarə olunması rəsmiləri ilə görüşüb.

Şəklin mənbəyi, ADAM DELGIUDICE/Getty Images

Şəklin mənbəyi, The Washington Post/Getty Images






