Qırğızıstan: Keçmiş prezidenti həbs etmək cəhdi

Qırğızıstanda cümə axşamı günü səhərdən keçmiş prezident Almazbek Atambayevin tərəfdarları yenidən onun evinin ətrafına toplaşmağa başlayıb.

Atambayev günortadan sonra tərəfdarları ilə birgə Bişkekin mərkəzinə gedəcəklərini açıqlayıb.

Bu, təhlükəsizlik qüvvələrinin ötən gecə Almazbek Atambayevi həbs etmək üçün onun Koi-Taş kəndindəki evinə basqınından sonra baş verir.

Avqustun 7-də xüsusi təyinatlılar sabiq prezidenti saxlamaq istəsələr də, onun tərəfdarları buna imkan verməyib və onlarla təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

Nəticədə, təhlükəsizlik qüvvələrinin altı üzvü girov götürülüb, təxminən 50 nəfər yaralanıb və bir zabit güllə yarasından ölüb, rəsmilər bildirir.

Cənab Atambayev saxlanılanların bugün sərbəst buraxılacağını deyib.

Almazbek Atambayev korrupsiyada ittiham olunur, amma o, bu ittihamları rədd edir. İyun ayında parlament onu toxunulmazlığından məhrum edib.

Hüquq-mühafizə orqanları hadisəni kütləvi iğtişaşlar, adam öldürmə və girov götürmə maddələri altında araşdırdıqlarını bildirib.

Prezident Sooronbai Jeenbekov bildirib ki, Atambayev qanuni təhqiqata silahlı qarşılıq verərək Konstitusiyanı və Qırğızıstan qanunlarını kobudcasına pozub.

Qırğızıstanın milli təhlükəsizlik komitəsinin məlumatına görə, çərşənbə günü "yalnız rezin güllə ilə silahlanmış" xüsusi təyinatlılar keçmiş prezidentin saxlanılması üçün "xüsusi əməliyyat" aparıblar.

Komitə qoşunları keçmiş prezidentin olduğu igamətgaha daxil olarkən cənab Atambayevin tərəfdarlarının canlı səddi ilə qarşılaşıb.

Yerli media yazır ki, daha 6 əsgər cənab Atambayevin ardıcılları tərəfindən saxlanılıb.

Facebook sosial şəbəkəsində basqının görüntülərini yerləşdirən şahid Mirbek Aitikeyev AFP xəbər agentliyinə cənab Atambayevi qoruyanlardan bəzilərinin "camaatın basqısı altında geri çəkilən" xüsusi təyinatlılardan silah aldıqlarını söyləyib.

"Atambayev hələ də evindədir ... əlavə qüvvələrin göndəriləcəyi barədə şayiələr var. Buradakı insanlar hazırlıqlar görür", o deyib.

Yayılmış videoda çaxnaşma yarandıqda cənab Atambayevin tərəfdarlarını salamladığı görünür. Arxa planda atışma səsləri gəldikdə insanlar qaçmağa və qışqırmağa başlayırlar.

Gecə düşdükdə təhlükəsizlik qüvvələri yaxınlıqda toplanan zaman keçmiş prezidentin iqamətgahına aparan yollarda Atambayev tərəfdarları barrikadalar qurub.

1991-ci ildə Sovet İttifaqının dağılması ilə Qırğızıstan müstəqillik əldə edib və ölkənin 6 milyonluq əhalisinin əksəriyyəti türkdilli müsəlmanlardır.

Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək prezident olub. Ondan sonra prezident Sooronbai Jeenbekov olub.

Həmin vaxt onlar yaxın müttəfiq idi, amma münasibətlər sonradan pisləşib. Müşahidəçilər deyirlər ki, cənab Jeenbekov ötən il öz sələfini siyasi cəhətdən tərk etməyə başlayıb.

Toxunulmazlığını itirdikdən sonra cənab Atambayev vəzifədə olduğu müddətdə vəzifə səlahiyyətlərindən sui-istifadə məsələsi ilə bağlı sorğu-sual üçün polisə təslim olmaq əmrlərinə məhəl qoymayıb.

Getdikcə güclənən Almazbek Atambayev keçən ay Rusiya prezidenti Vladimir Putin ilə görüşmək üçün Moskvaya gedib, lakin Rusiya lideri cənab Jeenbekovu dəstəklədiyini bildirib və ölkəni "hazırkı prezident ətrafında birləşməyə" çağırıb.

Cənab Jeenbekovun ofisi onun Bişkekə qayıtmaq üçün tətilini yarımçıq kəsdiyini və cümə axşamı səhər saatlarında Təhlükəsizlik Şurasının iclasını çağırdığını bildirib.