Erdoğan Yeni Zelandiya hücumunun videosunu niyə göstərdi?

Prezident Erdoğan Izmirdə

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Cənab Erdoğan bu ay baş tutacaq seçkilərə hazırlaşır.

Türkiyə prezidenti Recep Tayyip Erdogan seçki kampaniyası çərçivəsində baş tutan mitinqlərdə Yeni Zelandiya məscidinə hücum zamanı çəkilən videolardan istifadə etdiyinə görə tənqid olunur.

Cənab Erdoğan deyib ki, silahlı şübhəli Brenton Tarrant-ın bəyannaməsinin məqsədi türkləri Avropadan uzaq tutmaqdır.

Yeni Zelandiyanın xarici işlər naziri Winston Peters türkiyəli rəsmilərə, videonun yayımlanmasının "ədalətsiz" olduğunu və xaricdəki vətəndaşları üçün təhlükə törətdiyini deyib.

Ötən cümə günü Christchurch-də yerləşən iki məscidə silahlı hücum nəticəsində 50 nəfər həyatını itirib.

Hücumçu hücum zamanı canlı video çəkib və həmin video sosial mediada geniş yayılıb.

Yeni Zelandiyada bu video etibarsız yayım kimi dəyərləndirilir və onu yaymaq və ya ona sahib olmaq cinayət sayılır.

Niyə cənab Erdoğan videonu göstərib?

Bazar günü, bu ayın sonu baş tutacaq yerli seçkilər öncəsində prezidentin mühafizəkar gücünə dəstək məqsədilə mitinqlər baş tutub.

Mitinqlərin əsas ideyası qlobal islamafobiyanı - və Qərbin ona reaksiyasını qınamaq və Türkiyədəki müxalifətin zəifliyin tənqid etmək olub.

Hücum zamanı istifadə olunan silahların videodan götürülən görüntüsü

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Hücum zamanı istifadə olunan silahların videodan götürülən görüntüsü

Cənab Erdoğan, şübhəlinin bəyanatında Türkiyə ilə bağlı qeyd edilən müəyyən fikirləri vurğulayıb.

Prezident deyib ki, şübhəli iki dəfə Türkiyəyə səfər edib və türkiyəli müsəlmanları Türkiyənin Bosfor körfəzinin qərb tərəfində yerləşən Qərb ərazisindən çıxarmaq istəyir.

Cənab Erdoğan Gaziantepdə baş tutan mitinqdə söyləyib: "Videoda nə deyilir? Deyilir ki, biz Bosforun qərb tərəfinə keçməməliyik, yəni Avropaya. Əks halda o, İstanbula gəlib, hamımızı öldürər və bizi torpaqlarımızdan çıxarar."

Məscid hücumunun ən az üç mitinqdə böyük ekranda təqdim olunan yarı-dumanlı görüntülərində onlayn bəyanatdan götürüldüyü iddia edilən yazılar da yer alıb.

Cənab Erdoğan həmçinin Türkiyənin ana müxalifəti - CHP partiyasının lideri Kemal Kılıçdaroğlunu tənqid edərək, onun "terrorizmin İslam dünyasından qaynaqlandığı" barədə danışdığı videonu göstərib.

Reaksiya necə olub?

Yeni Zelandiyanın xarici işlər naziri Winston Peters, Yeni Zelandiyada səfərdə olan Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlunun da daxil olduğu türkiyəli rəsmilərə açıq şəkildə etirazını bildirib.

Cənab Peters deyib: "Bu ölkəni yanlış yöndə təqdim edən - nəzərə almaq lazımdır ki, hücumçu Yeni Zelandiya vətəndaşı deyil - yeni zelandiyalıların və xaricdəki vətəndaşlarımızın gələcəyi və təhlükəsizliyini riskə atan istənilən şey tamamilə ədalətsizdir.

"Ölkəmiz Yeni Zelandiya haqqında yanlış təsəvvür formalaşdırmamaq üçün başqa ölkələr və Türkiyə ilə bu barədə uzun dialoqumuz oldu."

Anadolu xəbər agentliyinə əsasən, CHP partiyasının sözçüsü Faik Öztrak cənab Erdoğanın faciədən siyası kapital yaratmaq məqsədini qınayıb.

"Əlavə bir neçə səs toplaya bilmək üçün qanlı qətliamı göstərməyə dəyərmi" o sual edib.

Görüntülər haqqında ümumi reaksiya necə olub?

Görüntülər hücumçunun Facebook səhifəsində canlı göstərilib və az sonra orijinal video silinsə də, bəzi səhifələr onu tez yükləyə bilib. Nəticədə YouTube və Twitter də daxil olmaqla digər platformalarda yayılıb.

Facebook bildirib ki, hücum hadisəsindən sonrakı 24 saat ərzində törədilmiş hücumu göstərən 1,5 milyon video bu platformadan silinib.

Lakin görüntülər şəkil, gif və ya tam video şəkilində dünyanın bir sıra böyük xəbər səhifələrinin ön qapaqlarında da yer alıb.

Birləşmiş Krallıqda (BK) Daily Mirror və MailOnline və Avstraliyanın bir sıra media platformaları görüntülərin yayımına görə təzyiqə məruz qalıb.

Yeni Zelandiyanın baş naziri Jacinda Ardern deyib ki, Facebook və digər sosial media nəhəngləri, hadisəyə reaksiya baxımından "əlavə suallara" cavab verməli olacaqlar.

"Problem təkcə Yeni Zelandiya ilə bitmir", o deyib.

Bazar ertəsi günü, uşaq pornoqrafiyasını yaymaq məqsədi ilə canlı yayımdan istifadədə ittiham olunan 18 yaşlı oğlanın məhkəməsi baş tutub.

Yeniyetmə həm də məscidin şəkilini paylaşmaqda ittiham olunur. Belə ki, o, şəklə "hədəf müəyyənləşdi" mesajını əlavə edibmiş. İttihama əsasən, hər iki məsələ üzrə ona maksimum 14 il həbs cəzası verilə bilər.