Ethiopian Airlines: "Boeing 737 qəzasından sağ çıxan olmayıb"

Ethiopian Airlines şirkətinə məxsus sərnişin təyyarəsi Əddis-Əbəbədən qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb, nəticədə təyarədə olanların hamısı ölüb, hava yolları şirkəti bildirib.

Şirkətin yaydığı məlumata əsasən, ET302 reysilə Efiopiya paytaxtı Əddis-Əbəbədən Keniya paytaxtı Nayrobi şəhərinə uçan Boeing 737 Max-8 sərnişin təyyarəsinin göyərtəsində 149 sərnişin və 8 nəfər uçuş heyətinin üzvü olub.

Ethiopian Airlines şirkətinin bildirdiyinə görə, təyyarədə 33 ölkənin vətəndaşları olub.

Onların arasında 32 Keniya, 18 Kanada, 8 ABŞ və 7 Britaniya vətəndaşının olduğu qeyd edilir. Bu arada Rusiyanın RIA Novosti agentliyi təyyarədə sərnişinlər arasında 3 Rusiya vətəndaşının da olduğunu bildirib.

Qəza yerli vaxtla səhər saat 08:44-də baş verib, bir neçə ay yaşı olan Boeing 737 Max-8 təyyarəsi havaya qalxdıqdan cəmi 6 dəqiqə sonra.

Qəzanın səbəbi hələlik müəyyən olunmayıb.

Şahidlərdən biri BBC-yə bildirib ki, təyyarə yerə dəyən kimi güclü yanğın baş verib.

"Hər şey yanıb. Hadisə yerinə indi dörd helikopter var", - şahid qeyd edib.

Efiopiyanın Baş naziri Abiy Ahmed təyyarə qəzası ilə bağlı Twitter səhifəsində başsağlığı bildirib.

Ethiopian Airlines şirkəti paytaxtdan 60 km cənub-şərqdə yerləşən Bishoftu şəhəri yaxınlığında axtarış-xilasetmə işlərinin aparıldığını bildirib.

Təyyarədə olan sərnişinlərin kimliyi barədə ilk məlumatı Çin dövlət mediası yayıb. Xəbərlərdə deyilib ki, təyyarədəki sərnişinlərdən səkkizi Çin vətəndaşı olub.