Yeni Zelandiyada delfinlərin kütləvi ölümü: "Onların gözlərində yaş var idi"

Şəklin mənbəyi, Liz Carlson
- Müəllif, Andreas İllmer
- Vəzifə, BBC News
"Həmin gecə ömrümdə yaşadığım ən dəhşətli gecə idi", - Liz Carlson Yeni Zelandiyadakı ucqar çimərlik sahilinə özünü atmış 145 delfinin necə öldüyünü belə xatırlayır.
Amerikalı səyahət blogeri, dostu ilə Stewart adasına baş çəkən zaman faciəvi səhnənin şahidi olub.
Ümumi sayı 150-dək olan iki qara delfin sürüsü suyun qabarması və sonradan çəkilməsi nəticəsində sahilin dayaz su hissəsində ilişib qalaraq çapalayırdılar.

Şəklin mənbəyi, Liz Carlson
Keçmişdə Liz delfinlərlə onların təbii mühitində qarşılaşmışdı, lakin bu dərəcədə dəhşətli səhnəni ilk dəfə idi ki, görürüdü.
"Ən pisi onlara kömək edə bilməməyimiz idi"
Dostlar delfinləri suya tərəf çəkməyə cəhdlər etdilər.
"Amma qısa bir zamanda heç bir şey edə bilmədiyini başa düşürsən. Onlar çox böyükdür, - Liz deyir. - Acizliyini anlayırsan. Onlar qışqırır, bir-birinə nəsə deyir, səs çıxarır, sən isə onlara heç cür kömək edə bilmirsən."

Şəklin mənbəyi, Julian Ripoll
"Ürəyim partlayırdı"
Dostu kömək axtarmağa getdi, Liz isə onlarla can verən delfin arasında tək qaldı.
"Onların çığırtısı, mənə necə baxmaları, heç zaman yaddan çıxmayacaq. Onlar var güclərilə üzməyə çalışırdılar, lakin böyük çəkiləri onları quma daha da basdırırdı. Ürəyim üzülürdü", - Liz Instagram səhifəsində yazıb.

Şəklin mənbəyi, Liz Carlson
Sonra Liz böyük delfinlər arasında kiçik bala delfini görüb onu xilas etməyə çalışır, suya çəkir. Lakin bala delfin özünü yenidən sahilə atır.
30 yaşlı bloger yazıb ki, bundan sonra əlacsız halda bala delfinin yanında oturub və delfinlərin necə can verdiyinin şahidi olub.
"Onlar sənə baxanda, delfinlərin nə dəhşət keçirdiyini anlayırsan. Onların baxışı insan baxışına bənzəyirdi".

Şəklin mənbəyi, DOC
"Onların gözlərində yaş var idi"
Bir neçə saatdan sonra Liz-in dostu Julian bir qrup adamla köməyə gəldi, lakin gecə saatlarında nəsə etmək mümkünsüz idi.
Liz ümid edirdi ki, su qabaranda delfinlər üzüb gedə biləcəklər.

Şəklin mənbəyi, Julian Ripoll
Lakin səhər açılanda vəziyətin daha pis olduğu aydınlaşdı.
Su az qabarmışdı, delfinlər quru qumun üstündə idi, günəş onları bişirirdi.
"Onların gözündə yaş var idi, - Liz deyir. - Onlar sanki, ağlayırdı və kədərli səs çıxarırdı."
Delfinlərdən heç birinin sağ qalmayacağı aydın idi.

Şəklin mənbəyi, Julian Ripoll
Hadisə yerinə gəlmiş xilasedicilər vəziyyətin çıxılmazlığını görüb, delfinləri yatızdırmaq qərarına gəldilər.
Əks halda delfinlər əzab içində öləcəkdirlər.
Yeni Zelandiyanın Təbiəti Mühafizə Departamenti (DOC) bildirib ki, delfinlərin cəsədi, təbiətin ixtiyarına buraxılaraq, necə varsa, elə də qalacaq.
DOC qeyd edib ki, bu tip delfinlərin özünü sahilə atmasının səbəbi aydın deyil: tək-tək delfinlər özünü sahilə atıb, lakin belə kütləvi şəkildə bunun baş verməsi nadir hadisədir.
Mümkün səbəblər kimi, delfinlərin yolu azması və ya xəstəliyin ola bilməsi qeyd edilib.
DOC eləcə də istisna etmir ki, bu tip delfinlər bir-birinə çox bağlı olduğundan, bir delfinin sahildə ilişib qalmasından sonra, ola bilsin ki, "sürüdəki qalan delfinlər də onun köməyinə tələsib və nəticədə, sahildə ilişib qalıblar."








