Həmkarlarınızı nəyə görə qucaqlamamalısınız?

İşdə qucaqlaşma

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Qucaqlaşmaq yaxşıdır, amma hər iki tərəf bunu istəyirsə, Alison deyir.

İş yerində davranış məsələlərinə həsr olunan "Menecerdən soruş" adlı rubrikanın müəllifi Alison Green iş yerində adi əlsıxma ilə salamlaşmaq əvəzinə, qucaqlaşma ənənəsinin yayıldığını qeyd edərək, "əlsıxmanın nəyi pisdir ki?" sualını qaldırır.

İşdə uzun müddət görmədiyiniz həmkarınızı salamlayırsınız - o isə, gözlənilmədən, xəbərdarlıq etmədən, həvəslə qollarını geniş açaraq sizi qucaqlamaq istəyir.

Qucaqlaşma adətən yaxın dostlar və ya ailə üzvləri arasında baş verir, lakin son vaxtlar bu növ salamlaşma iş yerlərinə də yol tapmaqdadır.

Qucaqlaşma iş yerində heç də həmişə normal sayılmır, amma qeyri-rəsmi ab-hava hökm sürdüyü iş yerlərində belə salamlaşma üsullarına tez-tez rast gəlmək mümkündür.

Alison Green, qucaqlaşma barədə yazıların müəllifi

Şəklin mənbəyi, Alison Green

Şəklin alt yazısı, Bir çox iş yerlərində, xüsusilə, rəsmilik olmayan yerlərdə qucaqlaşma bir salamlaşma növü kimi geniş yayılıb, Alison Green deyir.

Bu, qucaqlaşmaya vərdiş etməmiş bizlərə qəribə görünə bilər. Müxtəlif insanların qucqlaşma üsulu ilə salamlaşmaya münasibəti fərqlidir.

Bu məsələyə dair aydın qaydaların olmaması isə məsələni qəlizləşdirir.

Əlbəttə ki, iş yerində qucaqlaşmaya dair davranış qaydaları və ya kodeksi olsa, bundan yararlanmaq olar.

Mənə qalsa, bu kodeksdə, sadəcə bir cümlə yazardım: "Həmkarlarınızı qucaqlamayın!" - vəssalam.

Ola bilsin ki, mən kobud adamam, amma həqiqətən də, fiziki kontakta girmək istəməyənləri bu cür əziyyətə salmamaq mümkündürmü?

Xüsusilə də, bu, insanlara "yox, mən qucaqlaşmaq istəmirəm" deməyin çətin olduğu iş yerlərinə aiddir, çünki həmkarlarınla soyuq və ya qeyri-dostcasına davranan kimi görünməkdən çəkinirsən.

Odur ki, qucaqlaşma həvəskarları yadda saxlamalıdırlar ki, həmkarkarı bunu sevmirlər! Bizim heç də hamımız həmkarımızı qucaqlamaq həvəsində deyilik.

Alison hesab edir ki, iş yerində hər adam qucaqlaşmağı sevmir.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Alison hesab edir ki, iş yerində hər adamın qucaqlaşmanı sevmədiyini açıq bildirməyə hünəri çatmır.

Lakin, təəssüf ki, qucaqlaşmanı sevənlər düşünürlər ki, ətrafdakılar da qucaqlaşmağı sevir və qəribədir ki, belələri işdə qucaqlaşmaq istəməyən çoxsaylı həmkarlarını nəzərə almırlar.

Maraqlıdır ki, bəzi insanlar hətta aydın görəndə ki, qarşısındakı şəxs qucaqlaşmaq istəmir, onlar yenə qucaqlaşmağa təkidlə davam edirlər.

Görünür, hesab edirlər ki, onların qucaqlaşmaq həvəsi hətta ən daşürəklilərin də ürəyindəki buzları əridə bilər.

Əgər siz iş yerində qucaqlaşma həvəskarları əhatəsinə düşmüsünüzsə, nə etməlisiniz? Və ya əgər siz kimisə salamlayırsınız və eyni zamanda həmin adamın sizi qucaqlayacağından ehtiyat edirsinizsə, bu zaman nə etməli?

Misal üçün siz əlinizi irəli atıb həmin adama göstərə bilərsiniz ki, sizin məqsədiniz yalnız əl sıxmaqdır.

Qarşınızdakı adama bu jest soyuq salamlaşma və ya onu özündən məsafədə saxlamaq cəhdi kimi görünə biləcəyindən narahatsınızsa, onda əlsıxma ilə yanaşı, ona ünvanlanmış səmimi hisslərinizi, onu görməyinizə çox şad olduğunuzu da bildirin.

Əlsıxma

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Alison Greendən məsləhət: Əmin deyilsinizsə, əlsıxma yolu ilə salamlaşmaya üstünlük verin.

Digər bir yol da var - deyə bilərsiniz ki, soyuqlamısınız, xəstəsiniz, istəmirsiniz ki, xəstəliyiniz başqa adama keçsin.

Ancaq bu üsuldan təkrar-təkrar istifadə etmək çətindir, ona görə bu bəhanə yalnız uzun müddət görmədiyiniz dostlarınızla işləyə bilər.

Daha bir çıxış yolu da odur ki, qucaqlaşmağı sevmədinizi açıq şəkildə hamıya bildirəsiniz.

"Mən, əslində, qucaqlaşma həvəskarı deyiləm, amma sizi görməyimə şadam", - bunu deməkdə heç bir qəbahət yoxdur.

Ay qucaqlaşma həvəskarları, iş yerində həmkarlarınıza mehriban davranmaqda, onlara olan xoş münasibətinizi bütün üsullarla nümayiş etdirməkdə davam edin.

Həmkarlarınızı görməyə şad olduğunuzu onlara hiss etdirin. Səmimi hislərinizi onlara bildirin. İşlərinin necə getdiyinə səmimi maraq göstərin. İstiqanlı və mehriban olmaq gözəl xüsusiyyətlərdir.

Amma qarşınızdakı adamın qucaqlaşmaq istədiyinə əmin deyilsinizsə onu qucaqlamağa çalışmayın!