Krımda hücum: Kollecdə tələbələrə atəş açan kimdir?

Şəklin mənbəyi, PA
Rusiyanın Ukraynadan 2014-cü ildə ilhaq etdiyi Krımın Kerç kollecində hücum nəticəsində azı 19 nəfər ölüb, onlarla şəxs yaralanıb.
Rus təhqiqatçılarının ilkin açıqlamasına görə, Kerç kollecinin 18 yaşlı tələbəsi özünü öldürməzdən əvvəl qrup yoldaşlarına atəş açıb.
Hadisə şahidləri ərazidə bir partlayışın da baş verdiyini deyiblər.
Kollecdə nə baş verib?
Çərşənbə günü edilən hücumun xronologiyasında ziddiyyətli hesabatlar var.
Cinayəti törətdiyi ehtimal olunan Vladislav Roslyakov adlı şəxs yeməkxanadan başlayaraq atəş aça-aça otaqdan-otağa keçib.
Rusiya hüquq-mühafizə orqanları hadisəni törədən şəxsin özünü öldürdüyünü bildiriblər.
Hadisəni törətdiyi iddia olunan şəxsin kollecin kitabxanasından çəkilmiş cəsədinin görüntüləri bir qədər sonra Rusiya mediasında yayılmağa başlayıb.
İstintaq Komitəsi ilkin istintaq nəticəsində ölənlərin atəş nəticəsində aldıqları yaralardan öldüyünü bildirib, lakin bəzi məlumatlarda qəlpə yaralarından da ölənlərin olduğu deyilir.
Yerli mətbuatın yazdığına görə, Rusiya hüquq-mühafizə orqanlarından olan mənbə bildirib ki, şəxs atəş açmağa başlamazdan əvvəl yeməkxanaya bomba yerləşdirib.
Partlayışdan sonra təhqiqatçılar deyiblər ki, yeməkxanaya yerləşdirilmiş partlayıcı metal əşyalarla doldurulub.
Bəzi şahidlər birdən artıq partlayışın olduğunu iddia edirlər.
Təhqiqatçılar daha sonra silahlı şəxsin şəxsi əşyaları arasında ikinci bir cihaz tapdığını və zərərsizləşdirildiyini söyləyiblər.

Şəklin mənbəyi, KerchfM
Şahidlər nə görüb?
BBC-nin Rusiya xidməti hadisə şahidləri, o cümlədən hadisə vaxtı kollecin yeməkxanasında olmuş Igor Zakharevsky ilə danışıb.
"Mən birinci partlayış vaxtı yeməkxananın girişində idim", Zakharevsky deyib.
"Mən şokda idim. Qurp yoldaşlarımdan biri məni çəkib uzaqlaşdırmağa çalışdı. Sonra iki-üç saniyə fasilələrlə bir neçə dəfə atəş açıldığını eşitdim. Bir müddətdən sonra orada daha bir partlayış oldu", şahid bildirib.
Kollec yaxınlığında olan bir iş adamı partlayışı eşitdiyini və nəticədə böyük bir pəncərənin şüşələrinin qırıldığını gördüyünü deyib.
Hadisə öncə "terror aktı" kimi qiymətləndirilsə də, daha sonra Rusiyanın istintaq komitəsi tərəfindən "kütləvi qətl" kimi təsnif olunub.
Prezident Vladimir Putin hücumu "faciə" olaraq qiymətləndirib və qurbanların yaxınlarına başsağlığı diləyib.
Cümə axşamı günündən etibarən, Krımda üç günlük matəm elan olunub.

Şəklin mənbəyi, PA
Qətli törədən kimdir?
Biz atəş açdığı iddia olunan şəxs haqqında nə bilirik? Motiv hələ də aydın deyil. Lakin bəzi ehtimallar var ki, dördüncü kurs tələbəsi olan bu şəxs kollecə düşmən münasibət bəsləyirmiş.
Yerli televiziyalardan biri cinayəti törətdiyi ehtimal edilən Roslyakovun dostu ilə danışa bilib. O bildirib ki, dostu "texniki məktəbə nifrət edirmiş" və öz müəllimlərindən intiqam "alacağını" deyibmiş.
Bildirilir ki, ona silah icazəsi yenicə verilibmiş.

Hücumlar seriyası
Steve Rosenberg, BBC News, Moskva
Bundan əvvəl siz Krımda kiməsə məktəbə silahlı hücumdan danışsaydınız, o zaman bu hadisənin Amerika Birləşmiş Ştatlarında baş verdiyini ehtimal edərdilər. Lakin indi vəziyyət dəyişib.
Kerç Politexnik Kollecində baş vermis hadisə yarımadanı şoka salıb. Lakin bu, sürprizdirmi?
Bu, Rusiya məktəblərində onlarla uşağın yaralandığı altıncı hücumdur.
Vladislav Roslyakov ov silahı üçün lisenziyanı necə əldə edib? O, kollecə belə ölümcül hücumu necə təşkil edib? Bu suallar öz cavabını gözləyir.


Şəklin mənbəyi, PA
Qurbanlar kimlərdir?
Yerli rəsmilər bildiriblər ki, qurbanların əksəriyyəti 850 tələbəsi olan peşə məktəbinin tələbələri olub.
Hadisə qurbanlarının xəstəxanalara yerləşdirilməsi üçün xüsusi təcili tədbirlər görülüb.
Azı 50 nəfərin xəsarət aldığı bildirilir.
Krımda siyasi vəziyyət necədir?
Yarımada ərazisi Rusiya və Ukrayna arasında əsas mübahisə mövzusu olub. Yarımadanın 4 il əvvəl Rusiyaya ilhaqı bir çox ölkələr tərəfindən tanınmayıb.
Krım məsələsi və Şərqi Ukraynadakı rusmeylli üsyançıların mövcudluğu ölkələrarası münasibətləri gərginləşdirməyə davam edir.
Kerç Rusiyanın Krım və Rusiya arasında körpü tikdiyi nöqtədə yerləşir.








