Cavid Ağanın bloqu: Yadlaşırıq

Şəklin mənbəyi, Getty

Fransa bu il 2 dəfə terror meydanına çevrildi. Buna səbəb əks-kəşfiyyatın güclü olmamasından tutmuş sərhəddə yoxlanış səhlənkarlığına qədər hər şey ola bilər.

Bu məsələnin bir tərəfidir. Həmişəki kimi bu yazımda da mənim əsas analiz hədəfim bu hadisənin Azərbaycan cəmiyyətindəki əks sədası oldu.

Keçən yazımda qeyd etdiyim kimi, son 30 ildə Azərbaycan xalqı kifayət qədər terror aktı görüb. İstər erməni-azərbaycanlı münaqişəsi olsun, istər Bakıdakı metro bombalamaları olsun, istərsə də May ayındakı bina yanğını və ADNA qətliamı bunun nümunələridir. Ola bilsin Paris və ya Boston qədər səs salmadı amma gözlərimizin önündə baş verdi.

Cəm halında danışıram, çünki bunun sadəcə son ikisini görmüşəm.

Sosial mediada azərbaycanlılar yenə iki yerə ayrıldı. Çoxluqda olan, terror faktından zövq alanlar (“əcəb olub”çular) və terroru lənətləyənlər.

Problemlərdən biri budur – yadlaşırıq. İdeoloji fərqliliklər, fərqli məzhəblər və hətta fərqli universitetdə oxumağa qədər bir-birimizi özümüzdən aşağı və ya üstün görürük.

Bu yadlaşma da bizi nəinki öz ətrafımızla, hətta dünya ilə də yadlaşdırır. Beyrutdakı partlayışların Parisdəkilər qədər diqqət çəkməməsinə gileylənən şəxs əslində Beyrutun dərdini çəkmir. Onun problemi Avropa ilə yadlaşmaqda yatır.

Fransanın Əlcəzairi və Tunisi işğalı tarixini soruşsan danışa bilməz amma bilir ki, nə vaxtsa qırğın olub. Çünki onu hansısa metro girişindəki “budka”dan 20 qəpiyə ödəyib aldığı rusca kitabdan oxuyub.

Almanca “Schadenfreude” sözü var. “Başqasının bədbəxtliyindən zövq almaq” ifadəsini tək bir sözdə birləşdiriblər.

Filosof Artur Şopenhauer bu ifadəni belə izah edirdi: “Schadenfreude insan təbiətindəki ən iyrənc günah olaraq qalmaqdadır. Başqasının bədbəxtliyindən zövq almaq qəddarlığın nəzəriyyədəki formasıdır.”

Bəzi insanların vəziyyəti tam olaraq buna uyğun gəlir. 2002-ci ildə aparılan bir çox araşdırmaya görə insanlar öz ətrafındakıların müvəffəqiyyətsizliyə uğradığını görəndə özünü daha yaxşı hiss edir.

Bəlkə də, biz də öz həyatımızın bu qədər pis vəziyyətdə olduğunu görüb arada bir də olsa birinci dünya ölkələrində yaşayan sadə vətəndaşların başına pis iş gəlməsini görüb sevinirik. Zövq alırıq.

Bunların izahı sadə, analizi də gözəçarpandır – bu gün Parisdə partlayışa sevinənlər aramızda gəzən potensial terroristlərdir. Onlarla mübarizə mümkün deyil.

Aya 250 manat güclə alan fəhlə dünyanın masonlar tərəfindən idarə olunduğunu Almaniyada magistr oxuyan bir diplomatik münasibətlər tələbəsinə qarşı müdafiə edə bilirsə buna deyiləcək söz yoxdur.

İkinci toxunacağım məqam, əsasən cəmiyyət tərəfindən autsayder münasibəti göstərilən üzdə-liberal və ya müəyyən mənada solçu, altda Avropa neonasisti təfəkkürünə sahib psevdo-ziyalılar haqdadır.

Bizim bəxtsizliyimizdən, bunlar həm də müxalifətçidir. Bütün Avropa liberalları sosial mediada “günahı miqrantlarda görməyin, onlar elə belə şəraitdən qaçan şəxslərdir” tipli çağırışlar yayımlasa da, bu şəxslər utanmadan “bir fransızın bəşəriyyətə verə biləcəyi dəyər bir şərqlinin verəcəyi dəyərdən çoxdur”.

Bilmək olmaz, bəlkə də haqlıdır...

Paris qətliamında vəfat edənlərin ruhu şad olsun.