Rusiyalı qadın Salisbury şübhəlisinin "kimliyini müəyyən edib"

Anatoliy Chepiga and Ruslan Boshirov

Şəklin mənbəyi, Bellingcat / PA

Şəklin alt yazısı, Bellingcat vebsaytı şübhəlinin adının Anatoli Çepiqa (solda) olduğunu bildirib, Russia Today televiziyası isə həmin şübhəlini Ruslan Boşirov (sağda) kimi təqdim edib.
    • Müəllif, Sarah Rainsford & Will Vernon
    • Vəzifə, BBC News

Rusiyanın uzaq şərqinin sakini olan qadın Britaniyada martın 4-də Skripallara qarşı həyata keçirilmiş Salisbury hücumunda əsas şübhəlilərdən birini tanıdığını BBC-yə bildirib.

Qadın fotoya baxan kimi şübhəlinin "Rusiya qəhrəmanı" adına layiq görülmüş Anatoli Çepiqanın olduğunu deyib

Bir qədər əvvəl Bellingcat tədqiqatçı qrupu da həmin şəxsin gerçək adının polkovnik Anatoli Çepiqa olduğunu müəyyən etmişdi.

Şübhəlinin özü isə Rusiya dövlət televiziyasına Ruslan Boşirov kimi özünü təqdim etmişdi.

BBC güman edir ki, Britaniya rəsmiləri Bellingcat qrupunun əldə etdiyi nəticələri sual altına almırlar.

Britaniya polisi hesab edir ki, şübhəlilər öz gerçək adlarından istifadə etməyiblər.

Rusiya Novichok maddəsi ilə edilmiş hücumla hər hansı əlaqəsini inkar edir.

Martın 4-də edilmiş bu hücum nəticəsində keçmiş Rusiya casusu Sergey Skripal və onun qızı zəhərləndirilmişdilər.

BBC komandası Moskvadan təxminən 8000 km şərqdə, Çin sərhədinə yaxın yerləşən Beryozovka kəndinə baş çəkib. Həmin kənddə Anatoliy Chepiga böyüyüb, boya-başa çatıb.

Beryozovka
Şəklin alt yazısı, Yerli sakinlərin sözlərinə görə, polkovnik Çepiqa Beryozovka kəndində daha yaşamır.

Kənddə yaşayan qadın Bellingcat qrupunun aşkar edib yaydığı şəkildə gənc yaşlarında olan Anatolini tanıyıb.

Həmin qadın sonra, Britaniya polisnin dərc etdiyi fotoda əks olunan "Ruslan Boşirovun" da polkovnik Çepiqa olduğunu təsdiqləyib.

"Onun valideyinlərinin harada yaşadığını bilirəm, o, hərbçi olub. Zabit olub. Müharibə zonalarında döyüşüb, sonra Moskvada olub", - qadın BBC-yə deyib.

Həmin qadın adının açıqlanmamasını xahiş edib.

Yerli sakinlərin sözlərinə görə, polkovnik Çepiqa ailəsilə birlikdə Beryozovka kəndini bir neçə il bundan əvvəl tərk edib.