G7 sammiti qarmaqarışıqlıq şəraitində sona çatıb - Trump yekun bəyanatı imzalamayıb

ABŞ prezidenti Donald Trump G7 sammitinin keçirilməsini təşkil edən Kanadanı tənqid edərək sammitin birgə bəyanatını imzalamaqdan imtina edib.

Donald Trump Kanadanın baş naziri Justin Trudeau-nu keçirdiyi mətbuat konfransında ABŞ-ı qaralamaqda ittiham edib.

Bu dəfəki G7 sammiti ticarət tarifləri məsələsi ətrafında yaranmış mübahisələrə görə anlaşımazlıq şəraitində keçib.

Baş nazir Justin Trudeau isə ABŞ-ın atdığı addımlara cavab olaraq iyulun 1-dən Kanada tərəfindən xarici ticarətdə yeni tariflərin yeridiləcəyini vəd edib.

"Təəssüf, amma biz iyulun 1-dən qətiyyətli addım atacağıq", - Justin Trudeau keçirdiyi mətbuat konfransında bildirib.

Kanadanın baş naziri Trudeau ABŞ prezidenti Donald Trump-ın xarici ticarətdə yeni tariflər yeritmək qərarını və bunu milli təhlükəsizlik maraqları ilə əsaslandırmasını "həqarət" adlandırıb.