Oskar mükafatı 2018: Qaliblər arasında kimlər var?

Baş rolunda 6 yaşında eşitmə məhdudiyyətli ingilis qızın olduğu film Oskar mükafatı qazanıb.

Ünsiyyət qurmaqda çətinlik çəkən bir qızın hekayəsindən bəhs edən "Səssiz uşaq" (The Silent Child) filmi "ən yaxşı qısametrajlı filmi" nominasiyasında qalib gəlib.

Filmdə əsas obrazları 6 yaşlı Maisie Sly və Rachel Shenton ifa edib.

Rachel Shenton, həmçinin filmin sseanrisini də yazıb. O, mükafatı qəbul edərkən işarə dilindən istifadə edib.

Ən yaxşılar

Amerikanın "Oskar" Kinematoqrafiya Sənəti Akademiyasının "ən yaxşı filmi" isə "Suyun şəkli" (The Shape of Water) seçilib.

Eşitmə və danışma məhdudiyyətli qadınla amfibiya adamın məhəbbəti barəsində olan filmin rejissoru Guillermo del Toro isə "ən yaxşı rejissor" nominasiyasının qalibi olub.

Ən yaxşı aktyor "Ən qaranlıq saat" (Darkest Hour) filmində Winston Churchill obrazını ifa edən Gary Oldman seçilib.

Ən yaxşı aktrisa mükafatını "Ebbinq, Missuri kənarında üç reklam lövhəsi" (Three Billboards Outside Ebbing, Missouri) filmindəki obrazına görə Frances McDormand qazanıb.

Eyni filmdə rol alan aktyor Sam Rockwell ikinci planda ən yaxşı aktyor mükafatını əldə edib.

İkinci planda ən yaxşı aktrisa isə "Mən, Tonya" (İ, Tonya) filminə görə Allisson Janney seçilib.

Digər qaliblər:

  • Ən yaxşı quruluşçu rəssam işi: "Suyun şəkli"
  • Ən yaxşı orijinal ssenari: irqçilikdən bəhs edən qorxu filmi "Rədd ol" (Get Out)
  • Ən yaxşı uyğunlaşdırılmış ssenari: "Məni adınla çağır" (Call Me By Your Name)
  • Ən yaxşı vizual effektlər və ən yaxşı operator işi: "Blade Runner 2049"
  • Ən yaxşı xarici film : "Fantastik qadın", Çili
  • Ən yaxşı animasiya filmi: "Coco"
  • Ən yaxşı səs montajı, ən yaxşı səs, ən yaxşı montaj: Christopher Nolan-ın "Dunkirk" filmi

Ən yaxşı sənədli film nominasiyasının qalibi isə Rusiya idmanında dopinqdən bəhs edən "Icarus" filmi olub.