You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Prezident Trump Rusiyanın müdaxiləsilə bağlı iddiaları "cavablandırmağa hazırdır"
ABŞ prezidenti Donald Trump ilk dəfədir ki, 2016-ci ildəki prezident seçkilərinə Rusiyanın iddia edilən müdaxiləsi ilə bağlı suallara cavab verməyə hazır olduğunu bildirib.
O, müvafiq araşdırma aparanlarla görüşü "gözlədiyini" deyib.
Sabiq FTB rəhbəri Robert Mueller-in rəhbərlik etdiyi təhqiqat qrupu ötən ilki prezident seçkilərinin nəticələrini Donald Trump-ın xeyrinə dəyişdirmək üçün Rusiya ilə əməkdaşlıq barədə iddiaları araşdırır. Rusiya və Trump iddiaları rədd edib.
İddia edilən müdaxilə
Müstəntiqlər həmçinin Rusiyanın rolu ilə bağlı istintaqa Trump-ın müdaxilə edib-etməməsini müəyyən etməlidir.
ABŞ kəşfiyyat icmasınin ortaq rəyinə görə, Moskva ötən ilki prezident kampaniyasını Trump-ın xeyrinə yönləndirməyə cəhd edib.
Prezident Donald Trump araşdırmanı "əcinnə ovu" adlandırır.
Çərşənbə axşamı günü Ağ Evdə çıxış edən prezident Trump and içərək təhqiqatın suallarına cavab verməyə "tam" hazır olduğunu vurğulayıb.
Trump-la müsahibə hansı şəkildə keçiriləcək?
Prezidentin hüquqşünasları xüsusi araşdırmanı aparan müşavir Robert Mueller-in komandası ilə müsahibə formasını müzakirə ediblər.
Müsahibə yazılı və yaxud da şifahi şəkildə ola bilər. Lakin onun, eyni zamanda həm yazılı, həm də şifahi formada aparılacağı da istisna olunmur.