Catherine Deneuve deyir ki, kişilərin qadınlara "sataşmaq" hüququ var

Fransız aktrisa Catherine Deneuve kişilərin qadınlara xoş niyyətlə "sataşmaq" azadlığına malik olduğunu deyib.

O, son cinsi təcavüz qalmaqalları əsasında artan "puritanlıq" barədə xəbərdarlıq xarakterli açıq məktub yazan 100 fransalı qadından biridir.

Amerikalı kino nəhəngi Harvey Weinstein-ə qarşı təcavüz iddialarından sonra belə bir tendensiya yaranıb.

Bir qrup fransalı feminist, seksual təcavüzçüləri ittiham edənlərə qarşı məktub hazırlayıb.

Cənab Weinstein bütün iddiaları rədd etsə də, davranışının "böyük problem yaratdığını" boynuna alıb.

Açıq məktubda nə deyilir?

Fransalı qadın yazıçılar, aktrisalar və alimlərin hazırladığı məktub, çərşənbə axşamı günü Fransanın Le Monde qəzetində dərc olunub.

"Kişilər, kiminsə dizinə toxunmaq və ya öpüş oğurlamaq istəklərinə görə cəzalandırılır və işdən qovulurlar," məktubda yazılıb.

"Təcavüz cinayətdir, amma kimisə istər israrla, istərsə də yöndəmsiz şəkildə cəzb etməyə çalışmaq cinayət deyil. Və kişilərin centlmencəsinə davranması şovinist addım sayıla bilməz."

Müəlliflər dünyada ayaq açan yeni "puritanlıq" haqqında xəbərdarlıq ediblər.

Onlar, güclərindən istifadə edən bəzi kişilərin təcavüz niyyətinə qarşı səs ucaltmağın qanuni olduğunu, daim mətbuata sızan iddiaların isə artıq nəzarətdən çıxdığını söyləyiblər.

Yazarlara əsasən, bu hadisələr qadınları zəif və qurban qismində göstərərək, onlar haqqında ictimai əhval formalaşdırır.

"Qadın olaraq biz özümüzü bu feminizmin tərkibi saymırıq. Bu təkcə gücdən sui-istifadəni yox, kişilərə və seksuallığa qarşı nifrəti də təbliğ edir."

İmza atanlar kimlərdir?

Deneuve hələ ki, imza atanlar arasında ən məşhur simadır.

Qalan 99 nəfərə isə aktrisa Christine Boisson, mühafizəkar jurnalist Elisabeth Levy, 1970-ci illərin porno ulduzu və hazırda tok-şou aparıcısı Brigitte Lahaie, yazıçı və jurnal redaktoru Catherine Millet kimi tanınmış adlar da daxildir.

Eləcə də əyləncə, incəsənət, media və akademiya dünyalarının daha az tanınan üzvləri burada yer alıblar.

Lakin imza atanların əksəriyyəti Fransa ictimaiyyətinin tanımadığı professionallardan ibarətdir.

Reaksiya necə olub?

Məktub Fransada müzakirələrə yol açıb. Çərşənbə günü 30 nəfər feministdən ibarət bir qrup, Deneuve və məktuba imza atan digər şəxsləri ittiham edib.

Onlar bildiriblər ki, məktub Weinstein məsələsi kimi qalmaqalların "qapağını bağlayır" və seksual təcavüz qurbanlarına qarşı "nifrəti daha da alovlandırır".

Sosial mediada da bir çoxu açıq məktuba qarşı qəzəb və kədərini dilə gətirib. Bir Twitter istifadəçisi (fransızca) qadınların yumruq kimi birləşə bilməməsi və "yekdil olmamaqlarından" təəssüfləndiyini deyib.

Bununla belə, məktuba qarşı reaksiya mətbuatda əsas yeri tutmayıb və Fransa Twitterində trend olmayıb.

Bəlkə də buna səbəb, Fransada cinsi zərərvericilərin ifşasına qarşı hərəkatın güclənməsidir.

Müzakirə daha çox #MeToo və oxşar kampaniyaları 1960-cı illərdə əldə olunan cinsi azadlığa qarşı hədə kimi görən yaşlı nəsil arasında yayılıb.

Deneuve bu cür məsələlərin qabardılmasının tərəfdarıdırmı?

O, ictimai fəal kimi tanınmır.

Lakin ötən il 74 yaşlı aktrisa, qadınlara qarşı təcavüzdə ittiham olunan kişilər əleyhinə sosial media kampaniyalarını tənqid etmişdi.

Dünyanın dörd bir yanından təcavüzə məruz qalan qadın və kişilər hekayələrini #MeToo həştəqi altında sosial mediada paylaşırlar.

Fransada isə Twitter istifadəçiləri #Balancetonporc ("iyrənc qoca kişin üzərinə siçan") həştəqi ilə zərəçəkmişləri təcavüzçülərinin adını dilə gətirməyə ürəkləndirirlər.

Oscar nominasiyalı aktrisa xanım Deneuve, 1957-ci ildə debütündən sonra, 100-dən çox filmdə rol alıb.