Donald Trump Qüdsü İsrailin paytaxtı kimi tanıyıb

Şəklin mənbəyi, Reuters
ABŞ prezident Donald Trump Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanıyıb. O, dekabrın 6-da bunu elan edib.
Trump bunu Yaxın Şərqdə sülh proseslərinə təkan vermək üçün "uzun zaman gecikmiş addım" kimi təsvir edib.
Qədim Qüds şəhərinin taleyi İsrail və Fələstin arasında mübahisəli məsələlərdən biridir.
İsrail Donald Trump-ın qərarını "tarixi" adlandırıb, amma beynəlxalq aləmdə bu qərar kəskin reaksiyalar doğurub.
Donald Trump deyib ki, ABŞ tərəflər razılaşarsa, uzun müddətdir davam edən münaqişənin çözülməsi üçün "iki dövlət həllini" hələ də dəstəkləyir.

Şəklin mənbəyi, Reuters
Fələstin lideri Mahmoud Abbas Trump-ın qərarını "acınacaqlı" adlandıraraq, ABŞ-ın artıq sülh vasitəçisi ola bilməyəcəyini deyib.
BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvündən 8-i ABŞ-ın qərarını müzakirə etmək üçün həftə sonu təcili toplantı keçirməyə çağırıb.
Səudiyyə Ərəbistanı ABŞ-ın Qüdsi İsrail paytaxtı kimi tanımasını qınayıb.
Körfəz krallığı yaydığı bəyanatda Trump-ın qərarını "ədalətsiz və məsulliyyətsiz" adlandırıb.
Ancaq İsrail baş naziri Benjamin Netanyahu bunu "tarixi gün" adlandırıb.
Donald Trump bildirib ki, ABŞ Dövlət Departamentinə ABŞ səfirliyini Tel-Əvivdən Qüdsə köçürməyə göstəriş verib.
O, çıxışında prezident seçkisi qabağı belə bir vədinin olduğunu xatırladıb və indi bu vədini yerinə yetirdiyini deyib.









