Tbilisidə mühasirə: Sakinlər hələ evlərinə qayıtmayıb
Gürcüstan paytaxtında binanın mühasirəsi zamanı bir xüsusi təhlükəsizlik əməkdaşı, 3 şübhəli şəxs həlak olub.
Tbilisinin İsani rayonunda yaşayış binası ətrafında 20 saat davam edən atışma və partlayış səsləri, nəhayət susub, rəsmilər bildiriblər.
Hazırda sakinlərin hamısı yaşadığı mənzillərə qayıtmayıb, Tbilisidən BBC Rusca Xidmətinin müxbiri Nina Axmeteli xəbər verir.
Təhlükəsizlik qüvvələrinin əməliyyat keçirdiyi rayonda yaşayan etnik azərbaycanlı Şükür Əliyev deyir ki, nəyin baş verdiyini hadisə zamanı polis avtomobillərinin səslərindən anlayıblar.
BBC Azərbaycancaya müsahibəsində Şükür bildirib ki, polislə sialhlılar arasındakı atışma İsani rayonunun 5 dekabr küçəsi adlanan hissəsində olub və polis ərazini nəzarətdə saxlayıb.
"Əmaliyyat qurtarıb amma, hələ də o bölgədə polis insanların hərəkətinə nəzarət edir".
Rustavi-2 televiziyası da ərazinin hələ də polisin nəzarəti altında qaldığını xəbər verir.
Ərazidə hüquq-mühafizə orqanlarının ekspertləri işləyir.

Şəklin mənbəyi, VANO SHLAMOV/Getty
Son məlumata görə əməliyyat gedişatında, bir silahlı şəxs həbs edilib, xüsusi təyinatlı dəstənin 4 üzvü yaralanıb.
Onlardan biri tibbi yardım göstərildikdən sonra evinə buraxılıb. Xəstəxanada qalan daha üç nəfərin vəziyyəti sabitdir, kavkazkiy-uzel saytı xəbər verir.
Şübhəlilərin Gürcüstan vətəndaşları olmadığı hesab edilir.

Şəklin mənbəyi, Science Photo Library
Rəsmilər onların "terrorçu qrup üzvləri" olduğunu güman edir və şəxsiyyətlərinin müəyyənləşməsi üzərində iş apardıqlarını deyirlər.
Təhlükəsizlik xidmətinin rəsmisi Nino Giorgobiani bildirib ki, şübhəli şəxslər təslim olmaq və atışmanı dayandırmaq tələbini rədd ediblərmiş.

Şəklin mənbəyi, Reuters
Əhalisinin əksəriyyətinin xristian olduğu Gürcüstanda cihadçı əlaqələrinə yaxın illərə qədər rast gəlinməyib, jurnalistlər deyirlər.
Ancaq o da məlumdur ki, 50-yə yaxın Gürcüstan vətəndaşı özünü İslam Dövləti adlandıran qruplaşmanın tərkibində döyüşür, ya da onunla bağlıdır.

Şəklin mənbəyi, Reuters






