İndoneziyanın İslamı seçməyə məcbur edilən qəbilələri

Orang Rimba
Şəklin alt yazısı, Orang Rimba qəbiləsindən olan bu uşaqlar bir neçə ay əvvəl müsəlman olublar

Meşə insanları kimi tanınan Orang Rimba qəbiləsi İndoneziyanın Sumatra adasındakı meşələrdə yaşayırlar. Onların inancları və köçəri həyat tərzi dövlət tərəfindən tanınmır.

Meşələri palma ağacı əkini səbəbi ilə yox olduğundan, qəbilə üzvləri kəndlərə köçmək və İslamı qəbul etmək məcburiyyətində qalırlar. BBC İndoneziya Xidmətinin redaktoru Rebecca Henschke qəbilələrin həyatını öyrənib.

Taxta daxmalarda yerə oturan ağ geyimli uşaqlar xorla "Ölənə qədər İslamı qoruyacağam. Allah birdir" deyirlər.

Üç ay əvvəl Orang Rimba-lı 58 ailədən ibarət Celitai qəbiləsi İslam dininə keçib.

Onlar icma şəklində ən yaxınlıqda yerləşən Jambi şəhərinə aparılıb və qəbiləyə İslama uyğun geyimlər və namaz səccadələri verilib.

Liderlərin İslamı qəbulunda, İslam Müdafiəçiləri Cəbhəsi adlı qrup kömək olub.

Hidayətullah adlı missioner qrupdan Ustad Reyhan adlı bir şəxs onların dini borclarını yerinə yetirib-yetirmədiklərini yoxlayır.

"Hələlik uşaqlara köklənmişik. Onları İslama öyrətmək daha asandır, zehinləri başqa fikirlərlə dolu deyil. Yaşı artıq olanlarla işləmək daha çətindir" Reyhan deyir.

"İslamdan əvvəl yalnız ruhlara, tanrılara və ilahələrə inanıblar, Allaha yox.

"Meyitləri basdırmır, eləcə meşədə qoyurdular. İndi isə həyatlarının bir mənası var.

"Əvvəllər meşədə yaşayırdılar. Bu günləri, bu anları üçün yaşayır və ölürdülər. İndi bir dinə sahibdirlər, ölümdən sonra həyat olduğunu bilirlər."

Üstad Reyhan
Şəklin alt yazısı, Missioner Ustad Reyhan adlı bir şəxs onların dini borclarını yerinə yetirib-yetirmədiklərini yoxlayır

Kənd xalqının lideri Orang Rimbaca adı Yuguk olan Məhəmməd Yusif İslama keçərək həyatlarının xilas olduğunu düşünüb.

"Çox ağır, çox çətin bir qərar olsa da, həyatı irəli aparmaq üçün başqa seçimimiz yox idi."

Müsəlmanların çoxu Orang Rimba qəbiləsini Kubu adlandırır.

İllərcə Orang Rimba qəbiləsi ilə yaşayan antropoloq Butet Manurung deyir: "Kubu çox pis mənasına gəlir. Zibil kimi, baxmağa iyrənəcəyiniz bir şey."

"Eyni zamanda primitiv, axmaq, pis qoxu verən deməkdir. İnsanlar onların təkamüllərini tamamlamadıqlarını deyirlər."

Sumatranın mərkəzində təxminən 3 min Orang Rimbalının yaşadığı düşünülür.

Yusuf Rimba
Şəklin alt yazısı, Yusif İslama keçmək qərarının çətin olduğunu deyir

"Daha əvvəl gəlsəydiniz, meşəmizi görə bilərdiniz. Əl dəyməmiş, nəhəng ağaclar var idi," Yusif deyir.

İndi isə meşələrin yerində bir tərəfdə yanmış ağ çubuqlar, digər tərəfdə tək sıra ilə əkilmiş palma ağaclarını görmək mümkündür.

Yusif, 2015-ci ildə meşənin 21 min kvadrat metrdən çoxunun yanğın zamanı yandığını söyləyir.

"Hər şey son bir neçə il ərzində baş verdi. Palma əkininin başlaması ilə meşələr yandı," o deyir.

Yanğınlar nəticəsində ayrılan qazlar 500 mindən çox insanı zəhərləyib, onlarla kişi həyatını itirib.

Vətəndaşlıq ala bilmək üçün...

Qəbilələr qaçdıqları kəndlərdə İslamla tanış olublar.

Yusif həmin dövr haqqında danışır.

"Bir müddət sonra, uşaqlarımızı məktəbə göndərmək istədik və müəllimlər onların doğum şəhadətnamələrini tələb etdilər. Bunun üçün isə hökumətin tanıdığı bir dinə mənsub olmaq lazımdır.

"Qəbilə məclisi quruldu və hansı dini seçəcəyimiz müzakirə olundu. Beləliklə İslama qərar verdik"

Dünyada sayına görə ən çox müsəlman sayı İndoneziyadadır. Ölkə rəsmi olaraq altı dini tanıyır: İslam, Protestantlıq, Katoliklik, Buddizm və Konfusiçilik.

orang rimba
Şəklin alt yazısı, Yanğınlar və palma ağaclarının əkini nəticəsində meşələr yox olur

Yerli icmalar üzrə mütəxəssis Rukka Sombolinggi deyir ki, Orang Rimba qəbiləsinin soyu tükənmək üzrədir. Var olmaq və soylarını davam etdirmək üçün əlacsız qalıb özləri üçün başqa bir dini seçirlər.

Palma yağı istehsalına görə əkilən yeni palma ağacları son 10 ildə hər il orta hesabla 300-500 min hektar arasında artıb.

Son 20 ildə Sumatra meşələrinin yarısından çoxu yox olub və əvəzində palma ağacları əkilib.

Orang Rimba

"Meşələrimizədən əl çəkmələrini istəyirik. Meşələrin əvəzində digərləri kimi evlərdə qalmaq istəmirik. Meşədə rahatam, xoşbəxtəm, mən bir meşə adamıyam" Orang Rimba qəbiləsi liderlərindən biri olan Ngantap deyir.

Ağaclar, arılar, su kimi tanrı və ilahələr olduğuna inanan bir qəbilənin nümayəndəsi Ngantap inanclarına da bağlı olduqlarını söyləyir.

"Bir inancımız olmadığını demək doğru deyil. Din insandan insana dəyişən özəl bir şeydir və bir kəsin inancına hörmətsizlik etmək düzgün ola bilməz.

"İnancımız yox olarsa, tanrıların və ilahələrin meşələri olmazsa, fəlakətlər hökm sürər."