Yaponiyaya çatan Trump Asiya müttəfiqlərini ABŞ-ın qətiyyətli olduğunda arxayın edib

Şəklin mənbəyi, AFP
Asiya turnesinə Yaponiyadan başlayan ABŞ prezidenti Donald Trump deyib ki, heç bir ölkə ABŞ-ın qətiyyətinə şübhə etməməlidir.
Tokio yaxınlığındakı Yokota hərbi hava bazasında ABŞ əsgərləri qarşısında çıxış edən prezident Trump bəyan edib ki, ABŞ hərbiyyəsinin sülhü qorumaq və azadlığı müdafiə etmək üçün kifayət qədər gücü və imkanı var.
Trump-ın səfəri Şimali Koreya və bu ölkənin nüvə və raket sınaqları ilə bağlı yaranmış gərginlik dövrünə təsadüf edib.
"Heç kəs, heç bir diktator, heç bir rejim... Amerikanın qətiyyətli olduğunu unutmamalıdır", - prezident Trump Yaponiyaya çatdıqdan sonra bəyan edib.
Yaponiyaya enməkdən əvvəl, uçduğu təyyarədə Trump bildirib ki, Asiya səfəri gedişində Rusiya prezidenti Vladimir Putinlə görüşünün olacağı gözlənilir.
"Şimali Koreya ilə bağlı Putinin köməyini istəyirik", - Trump deyib.

Şəklin mənbəyi, AFP
Donald Trump Yaponiyanın Baş naziri Shinzo Abe ilə birgə nahar etdikdən sonra, iki lider arasında qolf oyunu da təşkil edilib.
Asiyaya səfəri çərçivəsində ABŞ prezidenti qarşıdakı günlərdə Cənubi Koreya, Çin, Vyetnam və Filippinə də baş çəkəcək.

Şəklin mənbəyi, Reuters
Vyetnamda Donald Trump Da Nang-da keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı summitində iştirak edəcək və Hanoya dövlət səfəri edəcək.
Səfərinin son mərhələsində Donald Trump ASEAN sammitində və sonra Şərqi Asiya sammitində iştirak etmək üçün Filippin paytaxtı Manilaya noyabrın 13-də baş çəkəcək.





