Neft qiymətlərinin gələcəyi türk-kürd münasibətlərindən asılı olacaq?

Bərzani

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Sentyabr ayında keçirilən referendum ardınca İraq kürdləri müstəqilliyini elan ediblər.

"Financial Times" qəzeti yazır ki, indilik İraqın şimalında baş verən hadisələr, habelə Suriyada İslam Dövləti adlı təşkilatın de facto paytaxtı Raqqanın azad edilməsi neftin qiymətinə bir elə təsir etməyib.

Brent markasından olan xam neftin qiyməti 1 barrel üçün 55-59 dollar arsında var-gəl edir.

Lakin ölkədə vəziyyət hələ də sabitləşməyib. İŞİD hələlik tam məğlub edilməyib.

Amma buna baxmayaraq son üç ildə ilk dəfə olaraq neftin qiymətinə spekulyasiların yox, real vəziyyətin təsir etməsi üçün məqam yarabnıb.

Burası da var ki, İŞİD-in hələ tam məğlub olmadığı bir vaxtda, Kürdüstanın müstəqillik referendumu nəticələrinin real vəziyyətə necə təsir göstərəcəyi də bəlli deyil.

Ötən həftəsonu Məsud Bərzaninin istefa verməsi kürdlər arasındakı daxili ixtilafın hələ də davam etdiyini göstərir.

Əslində kürdlər muxtariyyət ideyasından əl çəkməyiblər.

Məqalədə deyilir ki, bu arada İraq baş naziri Heydər əl-Abadinin İraqın indi vahid və bölünməz ölkə olması barədə bəyanatı siyasi optimizm yaradır.

Qısası vəziyyət belədir ki, sülh yoxdur.

FT yazır ki, Kərkükün mərkəzindəki qədim qala eramızdan əvvəl 800-cü illərdə tikilib. Şəhərin öz yaşı isə təxminən 5 min ildir.

Buradakı son münaqişə yəqin ki, sonuncu olmayacaq.

İŞİD tutduğu ərazilərdən qovulsa da, məğlub edilməyib. Kürdlər Kərkükdən geri çəkilsələr də İraq Kürdüstanının əsas neftli ərazilərinə nəzarət edirlər.

Raqqa

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın qeyri-rəsmi paytaxtı - Raqqaya Suriya Demokratik Qüvvələrinin (SDF) döyüşçüləri nəzarət edir.

Bütün bunlar neft bazarının gələcəyini qeyri-müəyyən edir.

Şimali İraq Kərkük-Ceyhan neft kəməri normal vaxtlarda günə 550 min barrel neft nəql edir.

Bunun təxminən yarısı Kərkük yataqlarından gəlir. Bu kəmərə qarşı müəyyən təxdribatlar törədilə biləcəyinə dair xəbərlər də dolaşır. Bəzi xəbərlərə görə kürdlərin yaşadığı ərazidən yan keçəcək kəmər xəttinin çəkilməsi barədə də müzakirələr var.

Hazırda Kərkük yataqlarından gələn neftin az olması dünya bazarı üçün elə də böyük fərq yaratmır. Qlobal bazar günə 200-300 min barrel nefti asanlıqla əvəz edə bilər.

Başqa sözlərlə bazarda bu qədər neftin çatışmaması qiymətlərə ciddi təsir göstərə bilməz.

Ərbildəki kürd hökuməti ilə Bağdaddakı ərəb hökuməti arasında münasibətlər həmişə gərgin olub.

Amma ən böyük problem iraqda bundan sonra nələrin ola biləcəyi ilə bağlıdır.

FT yazır ki, İraq hökumətinin Kərkükü İran qüvvələrinin dəstəyi ilə ələ keçirməsi müəyyən mənada gələcək münaqişənin bünövrəsini qoymuş ola bilər.

Belə bir şəraitdə kürd muxtariyyətinə daxil ərazilərdəki neft yataqları və kəmər xətləri həlledici rol oynayacaq.

Kərkük

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kərkük neft yataqlarına İraq hökuməti nəzarət edir.

Bu arada kürdlərlə onların türk qonşuları arasında münasibətlər pisləşməkdə davam edir.

Kürdlərə nefti Türkiyə ərazisi ilə ixrac etmək əl verir. Türklərə də ucuz başa gələn nefti satmaq gəlir gətirir.

Amma çox hallarda siyasət iqtisadiyyatı basır.

Türkiyə bir qayda olaraq kürd müstəqilliyinə qarşı çıxır.

Bundan əvvəl prezident Recep Tayyip Erdoğan dəfələrlə kürdlərin kommunikasiya xətlərini kəsəcəyi ilə hədələyib.

Bəzi ekspertlər belə bir şəraitdə PKK-nın Türkiyə daxilindəki əməliyyatlarını gücləndirəcəyini gözləyirlər.

Bütün bunlardan əlavə ən son təxminlərə görə İŞİD-in 6 mindən 10 minədək döyüşçüsü Fərat sahillərinə sığınıb.

Onların müharibəsi davam edir.

FT yazır ki, neft bütün bu söhbətlərin mərkəzində dayanır. Bir neçə Qərb şirkəti bu bölgənin neftinə maraq göstərir, amma bu neftə pul yatırmaq risk tələb edir.

Hazırkı neft qiymətləri kövrəkdir.

Son vaxtlarda yayılan bir çox spekyulativ xəbərlər neftin qiymətini qaldırıb. Lakin bu artım üç ayın içərisində buxarlana bilər.

Qlobal istiləşmə qlobal köç yaradacaq

"The İndependent" yeni elmi araşdırmaya istinadən yazır ki, qlobal istiləşməyə görə bir milyardadək insan yurdundan didərgin düşə bilər.

Texas

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Avqust ayında baş verən Harvey qasırğası bir çox Texas sakinini evindən didərgin salıb.

The Lancet məcmuəsində dərc olunmuş hesabatda bildirilir ki, adamların hərəkəti və temperaturun yüksəlməsi ciddi sağlamlıq böhranı yaradacaq.

Qlobal istiləşmə ekspertləri bildirirlər ki, iqlimin ekstremal dəyişməsi və yağışların azalması artıq indidən insanları yurdlarından köç etməyə vadar edir.

Bu da qeyd olunur ki, Suriya münaqişəsi də miqrant böhranını son dərəcə kəskinləşdirib.

Həkimlər deyirlər ki, miqrasiya insanların, xüsusilə də uşaqların psixikasına mənfi təsir göstərir.

Ekspertlərin fikrincə hökumətlər bu miqyasda insan köçünün öhdəsindən gəlməkdə çətinlik çəkə bilərlər.

Ən acınacaqlı hal isə budur ki, qlobal istiləşmə ilə yanaşı həm də ekologiyanın çirklənməsi sürtətlə davam edir.

The Lancet məcmuəsinin hesabatının hazırlanmasında 24 təsisat iştirak edib.

Hesabatda deyilir ki, qazıntı yanacağının yandırılması nəticəsində 1990-cı illərdən bəri ətraf mühitin çirklənməsi 11, 2 faiz artıb.

Sənəddə bu da bildirilir ki, 2000 və 2016-cı illər arasında dünya boyunca 46 təbii fəlakət baş verib.

Bu müddət ərzində 125 milyon adam ekstremal istilərə məruz qalıb.

Havanın istiləşməsi həm də ağcaqanadların daşıdığı xəstəliklərin geniş yayılmasına səbəb olur.

The Lancet hesabatının həmsədri professor Hugh Montgomery deyib ki, bəşəriyyət qlobal istiləşməni hələ indi-indi hiss etməyə başlayıb.