İraq: Kürd lideri Məsud Barzani istefa verir

Şəklin mənbəyi, AFP/Getty Images
İraqdakı Kürdüstan regionu Bağdadın tabeçiliyindən çıxmağa cəhd göstərdiyi bir dövrdə, muxtariyyətin prezidenti Məsud Barzani vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Kürdüstan regional parlamentinə ünvanladığı məktubunda Barzani bildirirb ki, 4 gündən sonra bitəcəyi vəzifə müddətinin uzadılmasına çalışmayacaq.
Kürdlər ötən ay İraqın tərkibindən çıxmağa səs verdikdən sonra, İraqın hökümət qoşunları kürdlərin əlində olan neftlə zəngin əraziləri hərbi əməliyyat nəticəsində tutaraq, Bağdadın həmin yataqlara nəzarətini bərpa edib.
Barzaninin məktubu Kürdüstan parlamentində deputatların müzakirəsinə verilib.
Xəbərlərə görə, Barzaninin məktubu parlamentdə oxunduğu zaman İraq Kürdüstanının paytaxtı Ərbildə atəş səsləri eşidilib.
Barzani məktubunda parlamentdən onun, vəzifədən gedəcəyindən sonra, yaranacaq "hakimiyyət boşluğunu doldurmağı" xahiş edib
Məktubunda o, peşmərgə və kürd döyüşçüsü olaraq "Kürdistan xalqının nailiyyətlərini müdafiə etməkdə davam edəcəyini" bildirib.
Barzani 2005-ci ildən, İraqda Səddam Hüseyn devrildikdən sonra, Kürdüstan muxatariyyətinin yaradılmasında mühüm rol oynayıb.
Bu ayın əvvəlində İraq hərbiyyəsi neftlə zəngin olan Kərkük vilayətini tutandan sonra Barzani istefa vermək çağırışları ilə üzləşib.
Kərkük əməliyyatı başlayandan noyabrın 1-ə təyin olunmuş prezident və parlament seçkiləri təxirə salınıb.





