Vəliəhd səudiyyəlilərin "mötədil İslama qayıtmaq istədiyini" deyir

Şəklin mənbəyi, AFP
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman bəyan edib ki, krallığın modernləşdirilməsində "mötədil İslama qayıtmaq" həlledici rol oynayacaq.
O, jurnalistlərə bildirib ki, Səudiyyə əhalisinin 70 faizi, yaşı 30-dan yuxarı olmayanlardan ibarətdir və onlar "bizim dinimizin tolerantlıq kimi başa düşüldüyü bir həyat tərzi arzulayır".
Vəliəhd "tez bir zamanda ekstremizmin qalıqlarının aradan yığışdırılacağını" vəd edib.
O, yeni salınacaq şəhər və biznes zonasına 500 milyard dollarlıq investisiya ayrılacağını elan etdikdən sonra bu şərhlə çıxış edib.
NEOM adı verilmiş həmin layihə, sahəsi 26,500 kvadrat km olan, Səudiyyə Ərəbistanının Qırmızı dənizə çıxan sahil zonasının şimal-qərbində yerləşən və Misirlə İordaniyaya yaxın olan bir ərazidə həyata keçiriləcək.
Ötən il şahzadə Məhəmməd, Vision 2030 strategiyası çərçivəsində krallıqda genişmiqyaslı sosial və iqtisadi islahatlar keçirmək planını açıqlamışdı.
Həmin islahatlar çərçivəsində 32 yaşlı vəliəhd, dövlət neft şirkəti olan Saudi Aramco-nun qismən özəlləşdirilməsi və dünyada ən iri dövlət investisiya fondunun yaradılması təşəbbüsünü irəli sürüb.
Sentyabr ayında onun atası, kral Salman, mühafizəkar dindarların etdirazına baxmayaraq, gələn il qadınlara maşın idarə ediməsinə qadağanın aradan qaldırılacağını elan edib.
Hökümət əyləncə sektoruna da investisiya qoymaq niyyətindədir.
Konsertlərin keçirilməsi bərpa olunub, kinoteatrların işə düşəcəyi gözlənilir.
İslahatların keçirilməsini şahzadə Məhəmməd Ər-Riyadda çərşənbə axşamı günü keçirilmiş və xarici investorların iştirak etdiyi iqtisadi konfransda müdafiə edib.
"Biz əvvəlki vəziyyətimizə qayıdırıq - dünya boyu bütün dinlərə, ənənələrə və insanlara açıq olan ölkə vəziyyətinə", - o deyib.
"Biz normal həyat sürmək istəyirik. Elə bir həyat ki, dinimiz tolerantlıq və mehribanlıq rəmzinə çevrilsin", - vəliəhd əlavə edib.
"Səudiyyə əhalisinin 70 faizi 30 yaşından cavandır, növbəti 30 ilimizi dağıdıcı ideyaların öhdəsindən gəlməyə sərf etmək niyyətində deyilik. Biz onları birdəfəlik yığışdırıb, yox edəcəyik".

Şəklin mənbəyi, Reuters
Şahzadə vurğulayıb kı, Səudiyyə Ərəbistanı, İranda İslam inqilabı baş verdiyi və Məkkədə Böyük Məsçid işğal edildiyi "1979-cu ilə qədərki kimi deyil".
Həmin hadisələrdən sonra Səudiyyədə ictimai əyləncə tədbirləri qadağan olundu, ruhanilərə isə ictimai həyat üzərində daha geniş nəzarət etmək imkanları verildi.
Səudiyyə Ərəbistanının kral ailəsi və dini təsisati sünni İslamın sərt versiyası olan vəhabilik məzhəbini yürüdür, kral özünü iki müqəddəs ocağın xadimi kimi təqdim edir.
Krallıqda davranış və geyim qaydalarına sərt sürətdə əməl olunur.









