Qurban Qurbanov: "Məğlub olsaq belə…"

Qarabag vs Roma

Şəklin mənbəyi, Getty Images

Çempionlar Liqasının qrup mərhələsinin növbəti oyununda Roma futbol klubu ilə Qarabağ futbol klubunun oyununda hesab birincilərin xeyrinə 2:1 olub.

Bakıda sentyabrın 27-də baş tutmuş oyunda qolları Romadan Kostas Manolas , Edin Dzeko, Qarabağdan isə Pedro Henrique vurub.

Qarabağın baş məşqçisi Qurban Qurbanov nəticənin asan olmadığını, "futbolçuları məğlub olsa da, onların yaxşı oynadıqlarını" deyib:

"Ağır oyun oldu. Xüsusilə, oyunun əvvəli. Rəqibin ustalıq səviyyəsi özünü göstərdi. Lakin 0:2-dən sonra futbolçularım daha diqqətli oynamağa başladılar. Vaxt irəlilədikcə rəqibi daha yaxşı tanımağa başladıq. Evdə ilk oyunumuz idi. Məğlub olsaq belə, azarkeşlərə gözəl futbol yaşatmaq istədik. Rəqib layiqli qələbə qazandı. Futbolçularımın da çıxışından razı qaldım".

Qarabağ avqustun 23-də Danimarkanın København klubu ilə matçdan sonra UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu olub.

Qarabağ birinci turda İngiltərənin Chelsea klubu ilə ikincinin vətənində oynayıb və 6-0 hesabı ilə məğlub olub.

Qarabağ Çempionlar Liqasında III turda Madridin Atletiko klubu ilə görüşəcək.

Oyunun oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçirilməsi nəzərdə tutulur.