Mehman Əliyev haqqında həbs qərarı ləğv olundu

Mehman

Şəklin mənbəyi, Turan

Yasamal Rayon Məhkəməsinin qərarı ilə Turan agentliyinin direktoru Mehman Əliyev haqqında həbs qərarı ləğv olunub, vəkil Fuad Ağayev BBC Azərbaycancaya bildirib.

Vəzifə səlahiyyətlərindən sui-istifadə, vergi ödəməkdən yayınma və qanunsuz sahibkarlıq maddələri ilə ittiham olunan cənab Əliyev barəsində avqustun 25-də 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi.

Vəkil Ağayev bildirib ki, o məhkəmədən dərhal azad edilib və ondan məhkəmə istintaqı müddətində başqa yerə getməmək barəsində iltizam alınıb.

Bazar ertəsi prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib ki, İlham Əliyev "Turan" İnformasiya Agentliyinin direktoru barədə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılması üçün aidiyyəti orqanlara tapşırıq verib.

Cənab Həsənov onu da əlavə edib ki, Mehman Əliyev, prezident Əliyevdən "barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını xahiş edib".

Mehman Əliyev məhkəmə zalından çıxdıqdan sonra Amerikanın Səsinə bildirib ki, müraciətdə Turan agentliyinin fəaliyyəti, 30 ildən çox jurnalistika fəaliyyəti, Azərbaycanda müstəqil və mötəbər jurnalistikanın qurulmasında iştirakı, barəsində qaldırılmış cinayət işi ilə bağlı istintaqdan yayınmaması və aktiv şəkildə istintaqla təması haqqında xatırladılıb.

Turan agentliyinə qarşı cinayət işi avqustun 7-də açılıb. Bundan bir gün keçmiş agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlanılıb.

Vergilər Nazirliyi bildirir ki, media qurumu 2014-2016-cı illərdə 37 min manat məbləğində vergi ödəməkdən yayınıb. Turan bu iddianı qəbul etmir və işlə bağlı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

Mehman Əliyev 24 avqustda "vəzifə səlahiyyətlərindən sui-istifadə və vergi ödəməkdən yayınma" maddələri ilə bağlı iş üzrə şübhəli şəxs qismində 48 saatlıq saxlanılıb və Vergilər Nazirliyinin İstintaq İdarəsindən Yasamal rayonunun polis idarəsinə gətirilib.

Gecəni polis idarəsində qalan direktora qarşı, avqustun 25-də üçüncü maddə - qanunsuz sahibkarlıq maddəsilə ittiham irəli sürülüb və sonra onun barəsində 3 aylıq həbs qərarı seçilib.

Mehman Əliyevin saxlanılmasından sonra Turan agentliyinin kollektivi, sentyabrın 1-dən öz fəaliyyətini qeyri-müəyyən vaxta dayandırdığını elan edib.

Videonun alt yazısı, Turan agentliyinin son iş günü