Dior və Gucci-dən hədsiz arıq modellərə qadağa

Christian Dior və Gucci kimi brendlərə sahib moda evləri podiumlarda aşağı çəkili modellərdən istifadə olunmayacağını bəyan ediblər.

Dünyanın ən iri moda şirkətləri LVMH və Kering bu addımı qidalanma pozuntusuna həvəsləndirmə ilə bağlı tənqidlərdən sonra atırlar.

Podiuma çıxmaq üçün modellərin geyim ölçüsü Fransa meyarı ilə 32-dən (Britaniyada 6, ABŞ-da sıfır ölçüsü) yuxarı olmalıdır, LVMH bildirir.

Şirkətlər həmçinin böyüklər üçün nəzərdə tutulan geyimlərin nümayişində 16 yaşından aşağı modellərdən istifadəni dayandırırlar.

Kering şirkətinin milyardçı direktoru Francois-Henri Pinault sənayenin eyni addımı təkrarlayacağına ümid etdiyini bildirib.

LVMH və Kering şirkəti həmçinin Givenchy, Yves Saint Laurent, Alexander McQueen, Marc Jacobs, Thomas Pink, Fendi və Stella McCartney brendlərinə nəzarət edir.

May ayında modellərdən biri məruz qaldığı rəftara görə Louis Vuitton şirkətini tənqid edib.

Danimarkalı model Ulrikke Hoyer şoudan əvvəl yeməkdən imtina etməyə məcbur edildiyini iddia etmişdi. Louis Vuitton brendinin sahibi olan LVMH ittihamı rədd edib.

Tənqidçilərə görə, podiuma çıxan modellər reallıqdan uzaq, qeyri sağlam bədən görüntüsünü sərgiləyir.

Moda sənayesini daxildən bilənlərə görə şirkətlər hesab edir ki, geyimlər uca boylu, arıq modellərdə daha yaxşı görsənir.

"Moda sənayesinin qidalanma pozuntularına səbəb olması barədə fikir məsələni aşırı dərəcədə bəsitləşdirir", - qidalanma pozuntuları ilə bağlı xeyriyyə Beat qrupu hesab edir.

"Lakin bizə məlumdur ki, moda sənayesində təqdim edilən ideal vücudlar xəstəliyi uzada bilər və biz bu sahədə sağlam bədən görüntüsünün təbliğinə çağırırıq".

Qadınların ləyaqəti

Fransada aşırı arıq modellərə qadağa may ayından qüvvəyə minib.

Bu qaydanı pozan şirkətlərə 75 min avro məbləğində cərimə kəsilə bilər və yaxud da onların rəhbərləri 6 ay müddətinə həbs oluna bilər.

Modellər sağlam olduqları barədə tibbi arayış təqdim etməlidirlər.

Kering və LVMH bildirir ki, iş yerində modellər psixoloq və həkim məsləhətilə təmin olunacaqlar.

Francois-Henri Pinault deyir ki, şirkətlər dəb modellərinin iş şəraitlərində "həqiqi dəyişikliyə nail olmaq" istəyir.

"Bütün qadınların ləyaqətinə hörmət etmək mənim üçün şəxsi öhdəlikdir və eyni zamanda Kering qrupunun prioritetidir".

Şirkətlərin elan etdiyi dəyişiklər bu aya təyin olunmuş Paris Fashion Week tədbirinədək qüvvəyə minəcək.