Türkiyə polisi hüquq müdafiəçisini saxlayıb

Şəklin mənbəyi, Amnesty international
Türkiyə polisi Amnesty International beynəlxalq insan hüquqları təşkilatının Türkiyə direktoru İdil Eser daxil olmaqla 8 hüquq müdafiəçisini İstanbulda həbs edib.
İstanbulun Büyükada rayonunda yerləşən oteldə rəqəmsal təhlükəsizlik təliminə edilən polis reydində həmçinin İsveçdən və Almaniyadan gələn iki təlimçi də həbs edilib.
Amnesty International polis reydinin "əlbəttə ki, səbəbsiz" olduğunu deyib.
Həbs edilənlərin saxlandığı yer hələ ki, məlum deyil.
Keçən ilin iyul ayında baş vermiş çevriliş cəhdindən sonra Türkiyədə 50 mindən çox insan həbs edilib.
Amnesty International təşkilatının Baş Katibi Salil Shetty deyib ki, polisin hərəkəti "səlahiyyətdən iyrənc sui-istifadədir və ölkədəki insan hüquqları fəallarının üzləşdiyi təhlükələri işıqlandırır".
"İdil Eser və onunla birlikdə saxlanılanlar dərhal və şərtsiz azad edilməlidirlər."
Türkiyədə Prezident Recep Tayyip Erdoğanın 15 iyul 2016-cı il çevriliş cəhdindən sonra elan etdiyi fövqəladə hal vəziyyəti hələ də qüvvədədir.
Çevriliş cəhdindən sonra keçirilən hökumət tədbirləri nəticəsində ABŞ-da məskunlaşmış və çevrilişi təşkil etməkdə təqsirləndirilən Fethullah Gülenin tərəfdarı olmaqda ittiham edilən on minlərlə dövlət qulluqçusu işlərindən uzaqlaşdırılıb və ya həbs edilib.

Şəklin mənbəyi, AFP
Amnesty International təşkilatının Türkiyə şöbəsinin sədri Taner Kılıc da həbsdədir. O, iyunun 6-da 22 başqa vəkillə "terrorçu" təşkilata üzv olmaqda ittiham edilərək həbs edilib.
Amnesty International ittihamların "əssasız" olduğunu deyib.
Çərşənbə günü İdil Eser-lə həbs edilmiş 7 hüquq müdafiəçisinin adları açıqlanıb: İlknur Üstün (Qadınlar Koalisiyası); Günal Kurşun və Veli Acu (İnsan Hüquqları Gündəmi Assosiasiyası); Nalan Erkem və Özlem Dalkıran (Vətəndaşlar Assambleyası); Necat Tastan (Bərabər Hüquqlar Müşahidə Assosiasiyası); və Şeyhmus Özbəkli (vəkil).





