Mosul döyüşü: İraq qoşunları şəhər ətrafına yaxınlaşırlar

Şəklin mənbəyi, AFP
İraqın xüsusi təyinatlı qüvvələri hazırda özünü İslam Dövləti adlandıran qruplaşmanın nəzarətində olan Mosul şəhərindən 1.5 km məsafədədir və şəhərə daxil olmağa hazırlaşırlar.
Terrorizm Əleyhinə Xidmət (CTS) qüvvələri şəhər istiqamətində sonuncu kənd olan Bazvayaya daxil olublar.
Onlarla birgə olan BBC müxbiri müəyyən müqavimətin olduğunu, avtomobil bombalarının konvoyu hədəf aldığını bildirib.
Ordunun doqquzuncu diviziyasının hissələri isə cənubdan irəliləyirlər.
CTS hissələri ilə birgə olan BBC müxbiri İan Pannell deyir ki, Mosuldan 3 km məsafədə yerləşən Bazvayaya hücum bazar ertəsi erkən saatlarda başlayıb.

Şəklin mənbəyi, AFP
İki həftədəir davam edən hücumda təxmin 50 000 nəfərlik İraq təhlükəsilik qüvvələri, kürd Peşmərgə döyüşçüləri, sünni ərəb tayfaları və şiə silahlılar iştirak ediblər.
Mosul 2014-cü ilin iyun ayında cihadçıların əlinə keçib və onların lideri şəhərdəki məsciddən "xilafətin" qurulduğunu elan edib.
17 oktyabrda hücum başlamazdan əvvəl Mosulda 3000-5000 arası silahlının və təxminən 1.5 milyon sakinin olduğu güman edilirdi.
İndiyə qədər 17 700 sakin şəhəri tərk edib və BMT-nin bildirdiyinə görə digər 700 000 nəfər də şəhərdən çıxa bilər.





