Messi həbs cəzasından apellyasiya şikayəti edir

Şəklin mənbəyi, Reuters

Barcelona futbolçusu Lionel Messi və onun atası İspaniya məhkəməsinin həbs qərarına qarşı apellyasiya şikayəti verəcək, Messinin vəkilləri deyir.

Çərşənbə günü argentinalı Lionel və Jorge Messi hərəsi 21 aylıq həbs cəzası alıb. Bundan başqa futbolçu 2 milyon avro (3,45 milyon AZN), atası isə 1,5 milyon avro (2,5 milyon AZN) cərimələnib.

Lakin güman ki, Messilər həbsxanaya salınmayacaq.

İspaniyada mövcud sistemə görə 2 ildən az olan həbs cəzaları şərti azadlıqda çəkilə bilər.

Onlar Belize və Uruqvayda "vergi cənnətlərindən" istifadə edərək imic hüquqlarından əldə olunan gəlirlərini gizlətdikləri üçün milyonlarla avro məbləğində cərimə oluna bilərlər.

Məhkəmə zamanı Lionel Messi demişdi ki, maliyyə məsələlərinin necə idarə olunduğu barədə "heç nə bilmirdi", o "futbol oynayırdı".