Azərbaycan siyasətçiləri Türkiyədə çevrilişə cəhd barədə nə düşünür?

Şəklin mənbəyi, Getty
Bəzi siyasətçilər Türkiyədə baş verən dövlət çevrilişinə cəhdin Erdoğanın siyasi hakimiyyətini möhkəmləndirməsinə xidmət etdiyini, bəziləri isə ölkədəki gərginliyin açılım mərhələsinə qədəm qoyduğunu düşünür.
Bəzi millət vəkilləri isə belə bir qənaətdədirlər ki, xalqın zor yolu ilə hakimiyyəti devirməsinə etirazı Türkiyədə demokratiyaya "böyük hörmət olduğunu" nümayiş etdirib.
Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov türkiyəli həmkarı ilə telefon əlaqəsi yaradaraq baş verən hadisələrin "narahatlıqla izlənildiyiniyi diqqətə çatdırıb" və Türkiyə xalqının demokratik yolla seçilmiş hakimiyyəti dəstəklədiyini deyərək, hökumətlə həmrəy olaraq bu çevriliş cəhdinə qarşı "qəti əzm" nümayiş etdirdiyini bildirib.
Cümə günü gecə saatlarında Türkiyə hərbiyyəsinin çevrilişə cəhd etdiyi bildirilir. Əsasən Ankara və İstanbulda baş verən qarşıdurmalarda 161 nəfərin öldüyünü, 144 nəfərin yaralandığını bildirib. Ölkənin baş naziri, Binali Yıldırım, müxtəlif rütbə daşıyan 2839 hərbçinin saxlanıldığını deyir.
"Girəvə"

Mütəmadi siyasi böhran və mübarizə, siyasi cərəyanlar arasında qarşıdurma, terror aktı və ölkəni dağıtmaq cəhdlərinə görə Erdoğanın indiki hakimiyyətini "ən mürəkkəb dövr" hesab edən siyasi şərhçi Zərdüşt Əlizadə deyir ki, çevrilişi iki cür yozmaq olar.
"Avtoritar ölkələrdə adətən vaxtarışı önləyici addım atırlar, çevriliş olmadan da deyirlər cəhddir. Bəlkə də hərbçilər həqiqətən də Erdoğanın Mustafa Kamaldan döndüyünü, başqa səmtə getdiyini görüb çevriliş etmək istəyib", deyə təhlilçi hər iki variantın mümkünlüyünü istisna etmir və bunları "siyasi rəqibləri meydandan atmaq üçün addım" kimi dəyərləndirir.
Cənab Əlizadə əmin edir ki, bu hadisə Erdoğanın siyasi hakimiyyətinin "möhkəmləndirməsinə və uzanmasına" xidmət edir. İndi o, "girəvədən istifadə edərək" bir çox siyasi rəqiblərinin "başını yiyəcək".
"Bundan əvvələ qədər keçirə bilmədiyi, prezident hakimiyyətinin gücləndirilməsi, konstitusiyanın dəyişməsi, islami ünsürlərin gücləndirilməsi. Bu, çevriliş cəhdi bunların hamısını həyata keçirmək üçün gözəl fürsət verir", o çevrilişə cəhdin "həqiqi olub olmadığından" əmin olmadığını deyir.
"Qurban"

Tarixçi Cəmil Həsənli düşünür ki, hakimiyyətin hərbi yolla çevrilməsinə cəhd “uğurlu addım deyil”. Türkiyənin tarix boyu yaşadığı əvvəlki cevrilişlərlə müqayisə edən tarixçi, xalqın güc nümayiş etdirərək hərbi çevrilişə "yox" deməsini "Türkiyənin çox böyük uğuru" adlandırır.
Cənab Həsənli qətiyyətlə çevrilişə cəhdin "qurama olmasına inanmır".
"Biz çevriliş cəhdi ilə bağlı üzdə olan məsələləri bilirik. Bu hərbi çevriliş cədhinin alt yapısında olan məsələləri ətraflı bilmirik. Istənilən halda seçki yolu ilə seçilmiş hakimiyyətin uzaqlaşdırılması və hərbi hakimiyyətin qurulması həm ölkənin özü və region üçün yaxşı şey vəd etmir."
Baş verən hadisələrin içində "Türkiyənin 3 böyük komutanlığı var" deyən tarixçi onların kifayət qədər nüfuzlu hərbçi və general olduğunu qeyd edərərk "bunlar niyə rol oynamalı və öz həyat və karyerasını bu oyna qurban verməlidir" sualını verir.
"Özünə inam"

Şəklin mənbəyi, AFP
AXCP partiyasının sədri Əli Kərimli düşünür ki, çevrilişə cəhd "Türkiyənin çevrilişlər silsiləsinə son" və ölkədəki gərginlik "açılım mərhələsinə" qədəm qoydu.
"Hakimiyyət gördü ki, zaman-zaman onun sıxışdırdığı media onu qorudu, zaman-zaman onun sıxışdırdığı sosial şəbəkə, azad media, demokratik təsisatlar onun əsas dayağı oldu. Bəzən özünə barışmaz rəqib saydığı müxalifət partiyaları söhbət konstitusiyadan gedincə onun dayağı oldular", partiya rəhbəri yeni demokratik açılım gözlədiyini dilə gətirir.
Baş vermiş hadisəni "anti konisttusion və demokratiyaya zidd" adlandıran siyasətçi deyir ki, 21-ci əsrdə, "sevib sevməməsindən asılı olmayaraq" seçki ilə hakimiyyətə gələnləri devirmək də "hansısa hərbinin işi deyil, xalqın seçimi olmalıdır".
"Bu həm Türkiyənin, həm də xarici ölkə silahlı qüvvələrinə bir mesaj olacaq ki, müasir dünyada xalq ən böyük gücdür və ona qarşı hər hansı hərbi birliklərlə əl qoymaq olmaz", o əlavə edir.
Partiya sədri fikirləşir ki, Türkiyədə baş verən hadisə "Azərbaycan da öz xalqına və onun gücünə inanmalıdır" mesajını ötürüb.
"Heç bir qüvvə öz silahına güvənib xalqa nə isə diktə edə bilməz. Xalqlar istəmədikcə onları kimsə ram edə bilməz, xalqlar istəmədikcə heç kim onu məğlub edə bilməz. Bizim xalqın almalı olduğu mesaj özünə inam olmalıdır."
O fikirləşir ki, bundan sonra Türkiyə höküməti həddindən artıq sərt olmamaq mövqeyi götürəcək və "çətin vəziyyətdə hakimiyyətə dəstək göstərən" müxalifətə "minnətdar" olacaq.
Demokratik
Millət vəkili Asim Mollazadə "bütün proseslər məhz hüquqların aliliyi və demokratik institutların fəaliyyəti çərçivəsində olmalıdır" deyir.
"Biz Türkiyədə sabitlik və inkişaf arzu edirik. Ümidvarıq ki, bu proseslər Türkiyəni dünənki günə deyil, məhz demokratiyanın güclənməsinə aparacaq və ölkədə istənilən hakimiyyət məsələsi məhz demokratik və siyasi yolla həllini tapacaq", o ölkənin bunun üçün "böyük potensialı" olduğunu düşünür.
Millət vəkilinin qənaətinə görə, Türk xalqının "zor yolu ilə" hakimiyyət devirməyinə etirazı onu ölkədə demokratiyaya böyük hörmət olduğunun göstəricisidir. "Bu da ölkənin inkişafının bir təzahürüdür."
XİN

Hadisə baş verən zaman türkiyəli həmkarı, Mevlüt Çavuşoğlu ilə telefonla əlaqə saxlayan Azərbaycan Xarici Işlər Naziri Elmar Məmmədyarov xalqın demokratik yolla seçdiyi hökumətə qarşı bir qrupun etdiyi çevriliş cəhdini "pisləyib və qəbuledilməz olduğunu vurğulayıb".
Nazir Məmmədyarov Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu bir daha bəyan edib, mfa.gov.az saytı yazır.




