Azərbaycanda avtomobil idmanı: ənənə və gələcək

Şəklin mənbəyi, faa.az

Bu gün Bakıda Formula 1 yarışları start götürüb. Beynəlxalq dərəcəli yarış ilk dəfədir ki, Azərbaycanda keçirilir.

Amma Azərbaycanda son illər bəzi yerli və beynəlxalq avtomobil yarışı çempionatları da keçirilib.

İki il öncə yaradılmış Azərbaycan Avtomobil Federasiyasının (AAF) BBC Azərbaycancaya bildirdiyinə görə, Bakıda bir neçə ildir ki, bir neçə milli və beynəlxalq avtomobil yarışı keçirilib. 2012-2014-cü illərdə ölkədə "Baku World Challenge" adlı beynəlxalq yarış keçirilib.

Bu ilin mayında isə AAF-ın təşkilatçılığı ilə Bakıda “V1 Challenge 2016” Azərbaycan çempionatı keçirilib. Bakı Olimpiya Stadionunda-Böyükşor parkı ətrafında açıq havada təşkil olunan çempionatda 12 yerli pilot "Volkicar" idman avtomobillərində yarışıb.

Ölkədə həmçinin kartinq üzrə yarışlar keçirilir. AAF-ın sözçüsü Anar Şükürovun sözlərinə görə, azərbaycanlı idmançılar avtomobil idman növlərində yeni olsalar da, bir sıra uğur qazanıblar.

"İdmançılarımız off road, kartinq, single seater yarışlarında Türkiyə, Bolqarıstan, Gürcüstan, İtaliya kimi ölkələrdə medal qazanıblar. Hazırda daha böyük yarışlara hazırlaşırıq".

Azərbaycanlı idmançıların gələcəkdə Formula 1 yarışına qatılması ilə bağlı isə federasiya sözçüsü bildirir ki, bu uzunmüddətli proses olduğuna görə, yaxın zamanlarda azərbaycanlı idmançı yarışlarda ölkəni təmsil etməyə bilər.

"Amma bu sahədə işlər gedir", o əlavə edir.

Bakıda keçirilən Formula 1 yarışları 3 gün davam edəcək

Şəklin mənbəyi, epa

Şəklin alt yazısı, Bakıda keçirilən Formula 1 yarışları 3 gün davam edəcək

Formula 1 avtomobil yarışları azı daha 4 il ərzində Bakıda baş tutacaq. Bəzi vətəndaşlar bu xəbəri xoş qarşılamasalar da bir çox idman jurnalisti Formula 1 yarışlarına münasibətin müsbət olmasının tərəfindədir.

"Dünyanın gözü Azərbaycandadır"

Ölkədə oyunun yayım hüquqlarına sahib İdman Azərbaycan kanalında idman proqramını hazırlayan Tural Məmmədli də bu fikirdədir.

BBC Azərbaycancaya danışan jurnalist "Azərbaycanda baş tutan hər bir yarış idmanın inkişafından xəbər verir" deyir.

O, ötən il keçirilən Avropa oyunlarından sonra Formula 1 yarışının da ölkədə keçirilməsinə müsbət yanaşdığını vurğulayır.

"Formula 1 baxılan yarışdır. Dünyanın gözü məhz Azərbaycandadır", o qeyd edir.

15 ildir avtomobil idmanından yazan "Autograph" jurnalının təsisiçisi və direktoru Ramin Musayev deyir ki, Formula 1 yarışlarının ölkədə keçirilməsi "idmanın inkişafına təsir edəcək".

Şəklin mənbəyi, faa.az

"Bu yarışları Azərbaycanda da sevirlər. Amma yaxından baxmaq başqadır. Yaxından görməklə bir çox insan bu yarışa pərəstişkar olacaq. Gənclərin və uşaqların marağı artacaq", o qeyd edir.

Cənab Musayevin sözlərinə görə, təkcə bu yarışla kifayətlənməməli, avtomobil idmanına maraq yaradacaq yerli yarışlar keçirmək lazımdır.

O, həmçinin o fikirdədir ki, Bakıda Forlmula 1 yarışlarını keçirməklə Azərbaycana avtobmobil yarışı ölkəsi kimi xarici ölkələrdən diqqət cəlb edilə bilər.