Azərbaycanda sel və daşqınlar: ev, yol və körpülərə ziyan dəyib

Şəklin mənbəyi, Esqin Ibrahimov
Azərbaycanda yağan güclü yağışlar regionlarda fəsadlarla nəticələnən sel və daşqınlara səbəb olub, məlumatlarda deyilir.
Məlumata görə, İsmayıllıda 10-da çox kəndi sel basıb, ev, yol və körpülər dağılıb. Bəzi kəndlərə verilən elektrik enerjisinin dayandığı bildirilir.
APA-nın yazdığına görə, Oğuz-Qəbələ-Bakı içməli su kəmərinə ciddi təhlükə yarandığı üçün əraziyə ağır texnika və işçi qüvvəsi cəlb olunub. Fövqəladə Hallar Nazirliyinin ( FHN) İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin işçiləri əraziyə cəlb olunub.
Göyçay və Şamaxıda da bir neçə kənddə evlər və əkin sahələri ciddi ziyan görüb, APA yazır.
<italic><bold>Sizin və ya tanışınızın evi/təsərrüfatı seldən ziyan görübmü? Başınıza gələnləri Facebook mesajla <link type="page"><caption> bizimlə paylaşın</caption><url href="https://www.facebook.com/BBCAzeri/" platform="highweb"/></link></bold></italic>.

Şəklin mənbəyi, Esqin Ibrahimov
Sel və daşqınların yaranmasına iyunun 12-dən bəri başlayan leysan və dolu səbəb olub. AMEA Coğrafiya İnstitutu bildirib ki, çaylarda daşqın təhlükəsi "hələ iki gün də" davam edə bilər.
Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadədən sitat gətirilir ki, yağışların intensiv düşməsi və çay dərəsinin uzun müddət əhali tərəfindən həm mənimsənilməsi, həm də çay dərəsinin əvvəlki illərdə gətirdikləri ilə dolması nəticəsində çayın su buraxma qabiliyyəti azalıb və çay gələn daşqın sularını ötürə bilməyib.
Xəsarət alanlar var
İsmayıllı rayonunda hadisə nəticəsində iki nəfər ağır xəsarət alıb.

Şəklin mənbəyi, Orxan Denizmen

Şəklin mənbəyi, Esqin Ibrahimov
Xəsarət alanlar barədə mediada yayılan məlumatlar:
- 2004-cü il doğumlu Çayqovuşan kənd sakini Səbinə Sadıqova Göyçay çayının üzərindəki piyada körpüsündən keçərkən ayağı sürüşərək çaya düşüb, APA xəbər verir. Məlumata görə, kənd sakinləri onu xilas edib və İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparıb, lakin onun vəziyyəti ağır olaraq qalır
- Sel Quşencə kənd sakini, 1938-ci ildə doğulmuş Maya Mustafayevaya məxsus yaşayış evini dağıdıb və o, evin damının altında qalıb. Hazırda o da xəstəxanadadır
- Burada həmçinin 5 kənd yolunda suötürücü borular və su keçidləri dağılıb. Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun hərəkət hissəsinə ziyan dəymədiyi deyilsə də, yolun müəyyən hissələri yuyulub. Hazırda onların bərpası istiqamətində işlər aparılır
- Göyçay rayonunun Yekəxana, Şahsoltanlı, Qaraməryəm, İnçə və Qarayazı kəndlərində evlər və əkin sahələri ciddi ziyan görüb - ev quşları, ağaclar, xırda buynuzlu heyvanları və bir minik avtomobilini sel aparıb, hektarlarla taxıl sahələri zərər görüb
- Şamaxı rayonunda da fərdi təsərrüfatlar, əkin sahələri və otlaq sahələrinə xeyli ziyan dəyib, 10-a yaxın xırda buynuzlu heyvan və ev quşu tələf olub.

Şəklin mənbəyi, Esqin Ibrahimov




