Mətbuat icmalı: "Azadlıq": Məhkəmə Cahangir Hacıyevlə bağlı yeni qərar verib

Şəklin mənbəyi, 1news.az
"Azadlıq": Rövnəq Abdullayevin Gürcüstan səfəri zamanı dövlət bayrağı tərsinə asılıb
"Azərbaycan bayrağının müxtəlif rəsmi görüşlər zamanı tərs asılması artıq ənənəyə çevrilib. Maraqlıdır ki, bu hallar daha çox yüksək vəzifəli məmurların qatıldığı tədbirlər zamanı baş verir.
Növbəti bayraq birabırçılığı martın 4-də Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Gürcüstana səfəri zamanı baş verib. Abdullayev Gürcüstanda bu ölkənin dövlət rəsmiləri ilə geniş tərkibdə görüş zamanı bayrağımızın tərs asılmasına etinasız yanaşıb. Hadisə Kvemo Kartlidə baş verib. Abdullayev və nümayəndə heyəti Kvemo Kartlinin qubernatoru Paata Xizanaşvili ilə Gürcüstanın enerji naziri Kaxa Kaladzenin də iştirak etdiyi görüş keçirib. SOCAR prezidenti Azərbaycanın hədiyyəsi olaraq Gəncə Avtomobil Zavodunun istehsalı olan 10 ədəd traktor və kotanı Kvemo Kartli quberniyası adminstrasiyasına təqdim edib. Görüşdə SOCAR ilə Kvemo Kartli qubernatorluğu arasında Əməkdaşlıq Memorandumu imzalanıb. Bayraq da masanın üzərinə bu imzalanma mərasimində tərs qoyulub. Bayrağımıza hörmətsizlik görüşdə iştirak edən Azərbaycanın bu ölkədəki səfiri Azər Hüseyn və digər rəsmi şəxslərin də diqqətini cəlb etməyib. Hətta görüşdən sonra bayrağımızın tərs asıldığını əks etdirən fotolar heç nə olmamış kimi Gürcüstan və Azərbaycan mətbuatında da tirajlanıb.
Azərbaycan dövlət agentliyi Azərtac çoxlu sayda informasiya mənbələrində və sosial şəbəkələrdə yayılan bu fotoda bayrağı fotoşopla düz vəziyyətinə gətirib.
Qəzet Azərbaycan bayrağının hətta prezident İlham Əliyevin bəzi görüşlərində də tərsinə asıldığı halalrı xatırladaraq bildirir ki, onun Brüsseldə Avropa Komissiyasının ovaxtkı prezidenti Barrozo ilə görüşü zamanı da "bayrağımız tərsinə asılmışdı və onda da dövlət agentliyi fotoşopla bu səhvi “düzəltmişdi”".
"Azadlıq": Məhkəmə Cahangir Hacıyevlə bağlı yeni qərar verib
"Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həbs müddəti artırılıb. Trend-in məlumatına görə, C.Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri müddətinin 3 ay artırılması barədə qərar Nərimanov rayon Məhkəməsi tərəfindən qəbul edilib.
Martın 4-də C.Hacıyevin barəsində seçilmiş həbs-qətimkan tədbiri müddətinin uzadılması barədə istintaq orqanının Nərimanov rayon Məhkəməsinə verdiyi vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin edib və C.Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iyunun 4-dək uzadılıb. ...C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178 (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunub."
"Azərbaycan": Prezident İlham Əliyev və Baş nazir Viktor Orban mətbuata bəyanatlarla çıxış ediblər
Macarıstanın Baş naziri Viktor Orban öz bəyanatında belə deyib:"Biz bu gün neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar bəzi iqtisadi çətinlikləri də müşahidə edirik. Lakin Siz bu yeni sistemə çox yaxşı reaksiya verərək uyğunlaşırsınız və bu dövr, həmçinin digər yeni imkanları da açır. Buna görə bizim əməkdaşlığımız üçün yeni imkanlar yaranır. Çünki iqtisadi siyasətə gəldikdə, bu siyasəti artıq əvvəlki kimi həyata keçirmək mümkün deyil. Əvvəlcə neftin qiyməti fərqli idi. Ona görə biz bu yeni vəziyyətə uyğunlaşmalıyıq və bunu birgə edə bilərik. Həmçinin bizim elə təcrübəmiz vardır ki, biz ondan öz əməkdaşlığımızda istifadə edə bilərik.

Şəklin mənbəyi, AFP Getty
...Daha şaxələndirilmiş iqtisadiyyat qurulacaq və biz macarlar da bu prosesdə iştirak edə biləcəyik. Həmçinin biznes sahəsində də belə olacaq. Tələbələriniz ölkəmizdə təhsil almaqla biz bu münasibətləri daha da gücləndirəcəyik. Mən buraya bu fikirlərimi bildirmək üçün gəlmişəm." Baş nazir Orban həmçinin deyib ki, iki ölkənin rəsmiləri gərək hər il yüksək səviyyədə görüşlər təşkil etsinlər və bununla həm humanitar, həm iqtisadi sahələrin inkişafına təkan versinlər. "Biz Macarıstana - öz ölkəmizə xalqlarımız arasında dostluğun gücləndirilməsi, iki dövlətin rəhbərləri arasında şəxsi münasibətlərin daha da möhkəmləndirilməsi ümidi ilə qayıdacağıq. Biz istərdik ki, Macarıstan ilə Azərbaycan arasında olan münasibətlər xalqlarımızın mənafelərinə xidmət etsin."
"Yeni Müsavat": Ekspert: “Kremlin əzələ nümayişi Xəzəryanı ölkələrə, Türkiyə və Avropa Birliyinə mesajdır”
Xəzər Hərbi Tədqiqatlar İnstitutu (Caspian Defense Studies İnstitute - CDSİ) bildirir ki, rusiyalı jurnalist Andrey Şipilov eyni adlı saytında dərc etdiyi məqaləsində vurğulayıb ki, Rusiyanın Xəzərdəki Hərbi Donanması Azərbaycana qarşı faktiki təcavüz hazırlıqlarına başlayıb. "“Rusiya Xəzər ölkəsinə müdaxilə hazırlığına başladı” adlı məqaləsində Şipilov bildirir ki, söhbət Rusiya Müdafiə Nazirliyinin rəsmi telekanalı olan “Zvyozda”nın bu yaxınlarda efirə verdiyi, amma diqqətdən kənarda qalan süjetindən gedir. Jurnalist bildirir ki, diqqət mərkəzində olan məsələ Rusiyanın Xəzərə “Murena” layihəli hava yastığı üzərindəki desant gəmisini buraxmaq təşəbbüsüdür. Süjetdə bildirilir ki, “bu, Xəzər regionunda həddən ziyadə zəruridir”". “Zvyozda” telekanalının süjetində qeyd edilir ki, Rusiya “Murena”nı gələn ildən Xəzərə buraxmağı planlaşdırır. "Amma müstəqil ekspertlərin fikrincə, bu hadisə daha tez baş verə bilər. Müəllifin sözlərinə görə, Rusiya hazırda Xəzərdə təcavüzə hazırdır. Belə ki, dənizə buraxılması nəzərdə tutulan texnika tamamilə hücum xarakterlidir və onun yeganə təyinatı sahilyanı ərazilərin zəbtidir: “Telekanalda verilən süjetdə qeyd edildi ki, bu gəmi hazırda çox vacib zərurət daşıyır. Beləliklə, bir sual açıq qalır: Hansı ölkənin ərazisi bu zərurətin hədəfidir?”,- deyə Andrey Şipilov bildirir. Onun sözlərinə görə, bəllidir ki, Xəzər dənizi Rusiyadan başqa 4 ölkənin - Qazaxıstan, İran, Türkmənistan və Azərbaycanın sahillərini yuyur. Bu ölkələrdən hansının hücum hədəfi olacağını demək çətindir: “İranla müharibə hazırda çətin ki, Putinin planına aid olsun. Amma başdan-ayağa Türkiyəyə bağlı olan Azərbaycan isə tam mümkündür ki, hədəf olsun. Xüsusilə də xatırlatmaq lazımdır ki, Rusiya Ermənistanı bir neçə yüz milyon dollar dəyərində silahla təchiz etməyə başlayıb. Nazarbayevə (Qazaxıstan prezidenti) gəldikdə isə, o son zamanlar doğurdan da nəzarətdən çıxıb”".




