Formula 1 Bakıda 5 il "məcburi" keçiriləcək

Nazir: "Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda ölkə cərimə olunmalıdır"

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, Nazir: "Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda ölkə cərimə olunmalıdır"

Formula 1 Grand Prix yarışları Azərbaycanda 5 il "məcburi" keçiriləcək, gənclər və idman naziri Azad Rəhimov bildirib.

Onun sözlərinə görə, Azərbaycan müqavilənin ilk 5 ili bitməmiş qərar versə ki, bu yarış keçirilməsin, onda ölkə cərimə olunmalıdır.

Bundan əvvəl BBC-nin aldığı rəsmi məlumata görə, Azərbaycan təşkilatçıları yarışın Bakıda keçirilməsi üçün 10 illik müqavilə imzalayıblar.

Nazir bunu təsdiqləsə də, yalnız ilk 5 ildə yarışın keçirilməsinin məcburi olduğunu deyib, Trend yazır.

Nazirin sözlərinə görə, 10 illik müqavilənin növbəti 5 ilində isə ölkə öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər.

Daha əvvəl BBC Azərbaycancaya danışan britaniyalı Formula 1 eksperti Christian Sylt "5+5" müqavilələrin standart olduğunu bildirmişdi.

"Hazırda ənənə 5+5 formasındadır. Adətən belə olur. Minimum beş il, ondan sonra daha beş illik seçim".

Cənab Rəhimov yarışın "hazırkı büdcəsinin" 12 milyon dollar olduğunu deyib.

Lakin daha əvvəl nazir Formula 1 yarışı üçün təkcə yolların hazırlanmasına 12 milyon manat sərf olunacağını qeyd edib.