Dünya Bankına Azərbaycandan "rəsmi müraciət daxil olmayıb"

Şəklin mənbəyi, AFP

Azərbaycan hökumətinin Beynəlxalq Valyuta Fondu və Dünya Bankından yardım istəməsi barədə xəbərlərin ardından, bu maliyyə qurumlarının Azərbaycandakı nümayəndəlikləri xəbəri təkzib edib.

“Dünya Bankına hələ ki, Azərbaycan hökümətinə hər hansı maliyyə dəstəyinin ayrılması ilə bağlı rəsmi müraciət daxil olmayıb”, - qurum sözçüsü Zaur Rzayev BBC Azərbaycancaya deyib.

Prezident İlham Əliyev hökumətin xarici maliyyə qurumlarından yardım istəməsi ilə bağlı xarici mətbuatda gedən yazıları "yalan" adlandırıb.

Neft Fondunun yaydığı məlumatda isə deyilir ki, Fondun icraçı direktoru ilə Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti arasında keçirilən görüşdə "Azərbaycan hökumətinin beynəlxalq maliyyə qurumları ilə hər hansı təcili yardım paketinin cəlb olunması ilə bağlı danışıqlar apardığı barədə yayılan xəbərlər həqiqəti əks etdirmir".

Azərbaycan hökuməti "kifayət qədər valyuta ehtiyatlarının olması və ölkənin makro-iqtisadi vəziyyətinin sabit və dayanıqlı olması" qənaətindədir.

Bundan öncə Reuters agentliyi öz mənbələrinə istinadla xəbər verib ki, Azərbaycan hökuməti Beynəlxaq valyuta Fonduna 3 milyard dollar məbləğində maliyyə yardımı, Dünya Bankına isə 1 milyard dollar kredit götürmək üçün müraciət edib.

"4 milyard dollarlıq yardım"

Beynəlxalq Valyuta Fondunun Azərbaycandakı ofisinin rəhbəri Aygün Qədirli Azərbaycan hökumətinin qurumdan 3 milyard dollar maddi yardım istəməsi haqda hər hansı məlumata malik olmadığını deyib.

Maliyyə naziri Samir Şərifov adları çəkilən beynəlxalq maliyyə qurumlarından Azərbaycan hökumətinin yalnız texniki yardım alacağını bildirib.

“Beynəlxalq mütəxəssislərlə fikir mübadiləsi aparılacaq. Bu hansısa proqramın tərtib olunmasına gətirib çıxaracaq ya yox, onu dəqiq bilmirik. Ehtiyac yaranarsa hansısa maliyyə dəstək məsələlərini də müzakirə edə bilərik”, cənab Şərifov cümə axşamı günü keçirdiyi mətbuat konfransında deyib.

Ancaq o, danışıqların sonunda hökumətin maliyyə dəstəyi alma ehtimalını da istisna etməyib.

"Texniki yardım"

Texniki yardım çərçivəsində ölkədəki mövcud iqtisadi vəziyyətlə bağlı beynəlxalq səviyyəli mütəxəssislərlə fikir mübadiləsi aparılır, nazir izah edib.

Texniki yardım ölkələrin iqtisadi sabitliyinin daha səmərəli idarə olunması və inkişafına kömək edən daha effektiv institutların, onların hüquqi əsaslarının və siyasətinin hazırlanmasına kömək edir.

Nəticədə ölkənin, məsələn, iqtisadi statistika, makroiqtisadi sabitlik, dövlət maliyyə idarəetmə sisteminin və maliyyə idarəetməsinin keyfiyyəti yaxşılaşır.

“Azərbaycan hökuməti Beynəlxalq Valyuta Fondunun beynəlxalq mütəxəssislərilə bank sektoru, əmanətlərin sığortalanması, bankların yığcamlaşdırılması məsələsini müzakirə etməkdə maraqlıdır”, cənab Şərifov cümə axşamı keçirdiyi mətbuat konfransında deyib.

Dünya Bankı ilə əməkdaşlığın layihə və iqtisadi inkişaf sahələri üzrə davam etdiyini vurğulayan cənab Şərifov bildirib ki, qurum danışıqlar zamanı ölkədə aparılan islahatlara texniki və maddi yardım edəcəyini bəyan edib.

Onun sözlərinə görə, Dünya Bankının texniki dəstəyi, dövlət idaretmə strukturlarının təkmilləşdirilməsi, geniş miqyaslı özəlləşdirmə proqramının hazırlanması, biznes mühitinin yaxşılaşdırılması üçün bürokratik əngəllərin aradan qaldırılması və bu istiqamətdə tədbirlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparmaqdan ibarətdir.

Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması üçün fikir mübadilələrinin nəticəsi olaraq adları çəkilən beynəlxalq maliyyə təşkilatları ilə birgə tədbirlərin həyata keçirəcəyi də istisna olunmur, Cənab Şərifov bildirir.