Azərbaycan Türkiyə yük maşınlarına marşrut verir

Şəklin mənbəyi, yenisafak.com

Orta Asiyaya getməli olan və Rusiyanın sərhəddə gözlətdiyi Türkiyəyə məxsus yük maşınlarına Azərbaycan üzərindən keçmək üçün imkan yaradılıb, Azərbaycan hökuməti deyir.

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu türk yük maşınlarının "Azərbaycan vasitəsilə Orta Asiyaya getməsinə şərait yaradıldığı üçün Azərbaycan hakimiyyətinə minnətdarlıq edib", XİN sözçüsü Hikmət Hacıyev BBC Azərbaycancaya deyib.

Türkiyədə dərc olunan Yeni Safak qəzetinin məlumatına görə, Rusiya ilə sərhəddə gözləyən türk nömrəli yük maşınları Qazaxıstan, Qırğızıstan və Tacikistana tranzit keçid üçün Azərbaycan-Xəzər dənizi-Türkmənistan marşrutundan istifadə edəcək. Bu marşrut daha qısa olduğu üçün qalıcı olması da gündəmdədir, <link type="page"><caption> məqalədə</caption><url href="http://www.yenisafak.com/ekonomi/gardaslik-zor-zamanda-gerek-2349165" platform="highweb"/></link> yazılır.

Moskva ilə Ankara arasında münasibətlər ötən çərşənbə günü Türkiyə tərəfindən Suriya sərhədi yaxınlığında Rusiya təyyarəsinin vurulmasından sonra gərginləşib.

Rusiya, təyyarəsinin vurulmasından sonra Türkiyəyə sanksiyalar tətbiq edib. Buna Türkiyənin ərzaq məhsullarının idxalına məhdudiyyətlər qoyulması da daxildir.

Türkiyə nömrəli yük maşınları bir müddətdir ki, Gürcüstandan Rusiyaya keçə bilmir.

Yeni Safak yazır ki, bu yük maşınlarına Azərbaycan ərazisindən keçməyə imkan yaradılması prezident İlham Əliyevin təlimatıdır.

İlham Əliyevin tranzit keçidlərinin asanlaşdırılması üçün də təlimat verdiyi və bunun üçün maliyyə nazirinin başçlıq etdiyi komitənin qurulduğu da deyilir.

Rusiyanın SU-24 təyyarəsi Türkiyənin F-16 qırıcı təyyarəsinin raket zərbəsindən sonra Suriya ərazisində dağın yamacına çırpılıb. Nəticədə bir pilot həlak olub, digəri isə xilas edilib.

Rusiya həmçinin, Türkiyə ilə vizasız rejimin ləğv edilməsi barədə qərarı elan edib. Qərarın yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.