Sosial şəbəkə və ekspertlər AZAL-ın boykotuna çağırır

Şəklin mənbəyi, Gunel Sefer
Azərbaycanın sosial şəbəkə istifadəçiləri milli aviaşirkətin ucuz uçuşlar barədə təkliflərini kəskin tənqid ediblər.
Onlardan bəziləri AZAL-ın hava nəqliyyatı bazarındakı inhisarına son qoymaq məqsədilə şirkətin boykotuna çağırırlar.
Azərbaycan Hava Yolları Şirkəti (AZAL) bu yaxınlarda İstanbul, Antalya, Dubay və Moskvaya ucuz reyslərin açılması planlarını elan edib, lakin sosial media istifadəçiləri və ekspertlər deyirlər ki, vergiləri və baqaj ödəmələrini gediş-dönüş biletlərinin qiymətləri ilə birləşdirəndə yeni qiymətlər köhnə qiymətlərdən "fərqlənmir".
<italic>Bu barədə daha ətraflı: <link type="page"><caption> AZAL qiymətləri ucuzlaşdırır, əvəzində məhdudiyyətlər tətbiq edir</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/07/150722_azal_azerbaijan_low_cost.shtml" platform="highweb"/></link></italic>
İyulun 13-də keçirilən kabinet müşavirəsində Azərbaycan prezidenti İlham Əliyev milli aviasiya şirkətini, onun təbirincə deyilsə, biletlərin şişirdilmiş qiymətlərinə görə tənqid etmişdi.
AZAL-ın "fənd"i
Tanınmış vəkil Aslan İsmayılov Facebook-da AZAL-ın ucuz uçuşlar barədə təkliflərini “fənd” adlandırıb və adamları etiraz etməyə çağırıb. “Mən prezidentin çıxışından sonra adamların bu qədər axmaq yerinə qoyulacağına inanmırdım. Bu səbəbə görə də özünə hörmət edən hər bir vətəndaş göstərməlidir ki, axmaq AZAL-ın özüdür”.
İsmayılovun postuna cavab verən “Fuad Əbdürrəhmanov” yazıb: “Bircə şeyi deyə bilərəm. Bu insanlara hörmətsizlikdir. Onlar utanmadan ucuzlaşdırmadan danışırlar”.
İstifadəçi “Adil Osmanov” adamları AZAL-ın xidmətlərindən istifadə etməməyə çağırıb. “Bilirəm ki, bu çətin olacaq, amma AZAL-ın xidmətlərindən heç olmasa bir ay istifadə etməyək və görək nə olur” – yazır o.
"Vüqar Xan" adlı istifadəçi də hökumətyönlü 1news.az agentlyinin Facebook səhifəsində yazır: “Ən yaxşı və ən səmərəli yol uçuşların boykotudur. Əgər onlar bizə hörmət qoymurlarsa, gəlin biz də onlara hörmət qoymayaq”.
AZAL-ın inhisarına son
Tanınmış jurnalist və səyyah Azər Qərib deyib ki, AZAL-ın inhisar vəziyyətinə son qoymaq üçün siyasi qərar lazımdır. “Yalnız bu halda real dəyişilik olacaq” – yazır jurnalist Facebook hesabında.
O yazır ki, Bakı beynəlxalq limanını özəlləşdirmək lazımdır. Jurnalist yazır ki, o, aşağı qiymətə bilet satan aviaşirkətlərin Bakıya gəlməsi ilə AZAL-ın müflis olacağına inanmır.
“Əgər aşağı qiymətli şirkətlərin gəlməsi AZAL-ı biznesdən kənar qoyacaqsa, bunun bir izahı olacaq – şirkət müasir şəraitdə işləmək qabiliyyətinə malik deyil. Əgər şirkəti özünüz idarə edə bilmirsinizsə, əcnəbi menecerlər dəvət edin”.
Öz növbəsində ekspert Natiq Cəfərli hesab edir ki, AZAL-ın təklifləri ictimaiyyəti sakitləşdirmək məqsədi güdür. “Onlar əslində güzəşt etmirlər. Belə xəbərləri yaymaqla onlar ictimaiyyəti sakitləşdirmək istəyirlər. Əslində heç bir real addım atılmayıb və bu problem belə həll olunmayacaq. Biz dəfələrlə demişik ki, yeganə yol, AZAL-ın rəqiblərini ölkəyə buraxmaqdır”.
Ekspert həmçinin təklif edir ki, Bakı limanı AZAL-ın əlindən alınmalıdır, çünki şirkət bu limandan öz nəfinə və başqa şirkətlərin bilet qiymətlərinə təzyiq göstərmək üçün istifadə edir.
Lap 10 prezident sərəncamı olsa da...
Eyni zamanda hökümətyönlü 1news.az xəbər saytının dərc etdiyi məlumatda deyilir ki, AZAL Avropaya ucuz uçuşların təşkilini planlaşdırmır.
Bu məlumata xəbər agentliyinin Facebook səhifəsində şərh yazan istifadəçi “Elşad Qəhrəman” qeyd edir: “Nə qədər ki, Azərbaycanın səması rəqabətli və inhisardan azad deyil, biz hətta prezidentin 10 sərəncamından sonra da ucuz bilet görməyəcəyik”.
"Qiymətlər yalnız o halda düşə bilər ki, onlar uçuşlar üzərindəki inhisarı ləğv etsinlər. Və əgər onlar məmurların inhisarını hər yerdə ləğv etsələr, hər şeyin qiyməti xeyli düşəcək və ölkə əhalisinin yaşayış səviyyəsi dəfələrlə yüksələcək" – yazıb "Əli Əliyev".
"AZAL öz qaydaları ilə yaşayır və heç kimi vecə almır. Onlar Bakı səmasının sahibləridirlər" – yazıb istifadəçi “Qasımova Kərimova”.
BBC Monitoring-in məlumatı





