Meydan TV-nin əməkdaşlarına ölkədən çıxmağa "qadağa"

meydan

Şəklin mənbəyi, Meydan Tv

Şəklin alt yazısı, Meydan Tv-nin Bakı bürosu 2014-cü il dekabırın 9-da fəaliyyətini dayandırıb

İyunun 30-da Meydan TV-nin 4 əməkdaşına Azərbaycanın sərhədini keçməyə icazə verilməyib.

Tbilisiyə getmək istəyən jurnalistlər Natiq Cavadlı, Aytən Fərhadova, Elnur Muxtar və Şirin Tire sərhəddə ölkəni tərk etməklərinə rəsmi qadağa olduğunu öyrəniblər.

Daha iki jurnalist isə "ciddi yoxlanışdan keçdikdən sonra" Gürcüstan paytaxtına gedə bilib.

Bu haqda BBC Azərbaycancaya danışan Meydan TV-nin əməkdaşı Aytən Fərhadova sərhəddə onlara "sizin ölkədən çıxışınıza qadağa qoyulub. Daxili İşlər Nazirliyinə müraciət edin" deyildiyini bildirir.

DİN bu barədə BBC Azərbaycancanın suallarını cavablandırmaqdan imtina edib.

Meydan Tv-nin icraçı direktoru Emin Milli bu addımın "hökumət tərəfindən" atıldığını deyib.

Jurnalistlər Nazirliyə müraciət edəcəklərini bildirirlər.

2013-cü ildən fəaliyyət göstərən Meydan TV müxalif fikirli onlayn televiziyadır.

Televiziyanın Bakı bürosu 2014-cü il dekabrın 9-da fəaliyyətini dayandırıb.

Rəhbərlik bunu, əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün etdiyini bildirib.