AŞPA Azərbaycanı "nahaqdan həbs edilənləri" azad etməyə çağırır

Şəklin mənbəyi, Council of Europe

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının iclasında Azərbaycanda demokratik institutların fəaliyyətinə dair hesabat 140 lehinə səslə qəbul edilib.

Sənəd noyabrda keçiriləcək parlament seçkilərini nəzərə alaraq, Azərbaycanda demokratiya institutlarının fəaliyyəti və hökümətin 2013-cü il AŞPA tövsiyyələrini yerinə yetirməsilə əlaqədar hazırlanıb.

AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinskinin hazırladıqları hesabat əsas diqqət, nəzarət və balans sistemi, məhkəmə azadlığı və seçkilərə verilib.

<link type="page"><caption> Həmçinin oxuyun: Azərbaycan tənqidçilərə qarşı "sistemli təcavüzə" son qoymağa çağrılır</caption><url href="http://www.bbc.com/azeri/azerbaijan/2015/06/150619_pace_monitoring_azerbaijan_2015.shtml" platform="highweb"/></link>

Qətnamədə deyilir ki, Parlament Assambleyası Avropa İttifaqı, Türkiyə, İran və digər Xəzər dənizi hövzəsindəki qonşuları, eləcə də Rusiya Federasiyası və ABŞ ilə münasibətlərini tarazlaşdırılmağa cəhd edən Azərbaycanın geopolitik vəziyyətinin mürəkkəbliyini tanıyır. Azərbaycan, xüsusilə, özünün mühüm enerji ehtiyatları və Xəzər dənizində strateji yerinin sayəsində müstəqil və çoxşahəli xarici siyasət aparmağa nail olub. Assambleya, Azərbaycanın xarici siyasi gündəminin böyük əksəriyyət daşıyan Dağlıq Qarabağ münaqişəsindən tam məlumatlıdır.

Assambleya, hökümətin ölkəyə xaricdən, xüsusilə də oxşar vəziyyətdə olan Avropa ölkələrindən gəlmək ehtimalı olan risklərə görə təhlükəsizlik və stabillik narahatlıqlarından xəbərdardır.

Assambleya bildirir ki, Azərbaycanda institusional struktur Respublika Prezidentinə ciddi güc verir, Milli Məclisə isə əksinə. Həmçinin, diqqətə yetirilir ki, bütün müxalif qüvvələr Parlamentdə deyil, bu isə, həqiqi siyasi dialoq və effektiv parlament nəzarətinə ziddir.

Noyabrda keçiriləcək Parlament seçkiləriylə bağlı bildirilir ki, Assambleya, Venesiya Komitəsinin məsləhətlərinin yerinə yetirilməməsindən təəssüf edir.

Assambleya bildirir ki, əsas narahatlıqlardan biri məhkəmə azadlığının çatışmazlığıdır. Şübhəli motivli cinayət işləri və qeyri-mütənasib qərarlar qalmaqdadır. İlqar Məmmədovun məhkəmə qərarında deyildiyi kimi, höküməti tənqid etdiyinə görə insanlara qarşı cinayət işi açılması narahatlıq gətirir.

Assambleya, korrupsiyanın ASAN mərkəzləri sayəsində azalmasını təqdir edib və bildirib ki, hökümət terror maliyyələşdirilməsi, çirkli pulların yuyulması və korrupsiya ilə mübarizə apardığı kimi azad toplaşma və ifadə azadlığına da şərait yaratmalıdır. Həmçinin, QHT-lər, müstəqil media və ifadə azadlığı carçılarına qarşı repressiyaların artmasından narahatlıq ifadə edilib.

Assambleya, QHT liderləri, jurnalistlər, onların vəkilləri və digər tənqidçilərə qarşı cinayət işlərinin açılmasının artması təcrübəsi, xüsusilə İntiqam Əliyev, Anar Məmmədli, Leyla və Arif Yunuslar, Rəsul Cəfərov, Xədicə İsmayıl və Rauf Mirqədirov barədə insan haqları müdafiəçiləri, beynəlxalq QHT-lərin bildirdiyi və AŞ İnsan Haqları Komissarının təsdiqlədiyi hesabatlardan xəbərdardır.

Assambleya, Azərbaycan hakimiyyətini tənqidçilərə qarşı sistemli təcavüzə son qoymağa və nahaqdan həbs edilənləri azad etməyə çağırır. Həmçinin noyabrda keçiriləcək seçkilərdən qabaq siyasi pluralizm şəraiti yaratmaq məsləhət görülüb.