Bürünclə tökülən xalq sevgisi?

Şəklin mənbəyi, AFP
Dünya liderlərinin bürünc və mərmərlə əbədiləşdirilməsində heç bir qeyri-adilik yoxdur, amma bu, adətən onlar öləndən sonra baş verir. Türkmənistanda isə prezidentin dəbdəbəli abidəsi onun hələ öz sağlığında açılıb.
Heykəlin hündürlüyü 21 metrdir. Prezident abidədə atın üstündə oturub və sağ əlini qaldırıb. Bu abidə 1-ci Pyotrun Sankt Peterburqdakı bürünc atlı heykəlininə bənzəyir, amma ondan iki dəfə hündürdür və qızıl suyuna çəkilib.

Şəklin mənbəyi, Thinkstock
Türkmən rəsmiləri deyirlər ki, bu abidənin ucaldılması üçün vətəndaşlardan çoxsaylı rica məktubları alıblar. Bundan sonra isə Prezident Berdımuxammedov deyib ki, “xalqın istəyinə qarşı çıxmaq olmaz”.
<link type="page"><caption> Həmçinin oxuyun: Aşqabadda prezident Berdımuxammedova qızıldan heykəl qoyuldu</caption><url href="http://www.bbc.com/azeri/international/2015/05/150525_turkmen_leader" platform="highweb"/></link>
Hərçənd Türkmənistan dünyanın ən repressiyalı ölkələrindən biri hesab edilir.
İndi isə keçmiş SSRİ-nin hazırda sağ olan başqa liderləri barədə bəzi nümunələrə diqqət verək.
Üzü günəşə

Şəklin mənbəyi, AFP
Berdımuxammedovun xələfi, Türkmənistanın ilk prezidenti Saparmurat Niyazov özünə ölkə boyunca yüzlərlə abidə ucaltmışdı.
Bunların içində ən çoxc tanınanı Aşqabadın mərkəzində 1998-ci ildən 2010-cu ilədək qərar tutan heykəl idi.
75 metrlik üçayaqlı Neytrallıq Tağının üstündə yerləşən heykəl elə fırlanırdı ki, üzü daim Günəşə baxsın.
Ölkənin ondan sonrakı lideri Qurbanqulı Berdımuxammedov bu heykəli şəhər ətrafına köçürməyi qərara alıb. Orada yenidən qurulan abidənin hündürlüyü artaraq 95 metr olub, fəqət “Niyazov” daha fırlanmır.
Möcüzəli əl izi

Şəklin mənbəyi, Thinkstock
Qazaxıstan paytaxtı Astanada turistlərin ən çox baxdığı yerlərdən biri də Bayterek – Ağcaqayın Qülləsidir.
Bu layihənin təşəbbüsünü 1997-ci ildə avtoritar idarəçiliyi ilə tanınan və müxalifətdən çox az müqavimət görən prezident Nursultan Nazarbayev verib.
Qüllənin hündürlüyü 97 metrdir. Onu diametri 22 metr olan kürə tamamlayır.
Üst qatda Nursultan Nazarbayevin sağ əlinin qızıl suyuna çəkilmiş basması var. Turistlər əllərini bu əl izinin üstünə qoyub ürəklərində arzu tuta bilərlər.
Roma imperatoru

Şəklin mənbəyi, AP
Bu ay Sankt Peterburqun ətrafındakı bir şəxsi yaşayış massivində Rusiya prezidenti Vladimir Putinə büst qoyulub. Büstdə prezident Roma imperatorunun qiyafəsində və əsləhəli təsvir edilib.
<link type="page"><caption> Həmçinin oxuyun: Rusiyada Putinin Roma imperatoru qiyafəsində heykəli qurulub</caption><url href="http://www.bbc.com/azeri/region/2015/05/150517_putin_monument.shtml" platform="highweb"/></link>
Bu büst Sankt Peterburq Kazak Cəmiyyətinin sifarişi ilə Rusiyanın İkinci Dünya Müharibəsində nasist Almaniyası üzərində qələbəsini qeyd etmək üçün sifariş verilib. Amma ataman deyir ki, büst “rus demokratiyasını simvolizə edir”.




