Qarabağlı qoca: “Allahdan bir gileyim var...”

"Allah gərək bizim hamımızı bir millət kimi yaradaydı. Onda müharibələr də olmazdı,” Qran Tahiryan deyir.
Şəklin alt yazısı, "Allah gərək bizim hamımızı bir millət kimi yaradaydı. Onda müharibələr də olmazdı,” Qran Tahiryan deyir.
    • Müəllif, Rayhan Demitri
    • Vəzifə, BBC-nin Cənubi Qafqaz müxbiri

“Məsələn, mən Stepanakertdə Azərbaycan bayrağını görəmək istərdim, - tanınmamış Dağlıq Qarabağ Respublikasının məni səfər zamanı müşaiyət edən nümayəndəsi deyir.

Bir anlığa maşındakıların sifətləri təəccübdən uzanır.

“Azərbaycan səfirliyinin binasında...” – deyə fikrini tamamlayır nümayəndə.

Ermənilərin arasında, Azərbaycanda olduğu kimi Qarabağ münaqişəsi barədə danışmaq minalanmış sahədə gəzmək kimidir. Gərək hər dediyin sözü ölçüb-biçəsən. Çünki hər bir tərəfin münaqişəyə öz baxışı var.

Bu mövzunu kütləvi-informasiya vasitələrində işıqlandırırsansa, əvvəl-axır minaya düşəcəyin bəllidir.

Qarabağ münaqişəsi mövzusu məni çoxdan maraqlandırırdı, çünki Cənubi Qafqazda olub, heç olmasa bir dəfə özünü müstəqil elan etmiş respublikalar problemi ilə üzləşməmək çətindir. Bu regionda üç belə respublika var!

Dağlıq Qarabağ münaqişəsi keçmiş postsovet məkanında ən çox uzanmış münaqişələrdən biridir.

Tom De Waal-ın “Qara Bağ” kitabını oxuyarkən Sovet İttifaqının çökməsinin ən mürəkkəb sınağına düşmüş bu regionu təsəvvürümə gətirməyə çalışırdım.

Hazırda, cəbhə xəttində zorakılıqların şiddətlənməsi ilə əlaqədar, tez-tez yazırlar ki, “donmuş münaqişə” Qrenlandiyanın buzluqları kimi sürətlə əriyir. Lakin Qarabağda olduqdan sonra başa düşdüm ki, bura, hər halda “donmuş münaqişə” zonası olaraq qalır.

Burada çox sayda yarıuçuq, boş qalmış evlərin olması məni heyrətə saldı. Yerli sakinlər bu “səhnə”ni hər gün görürlər və artıq təəccüblənmirlər. Lakin burada ilk dəfə olanlar üçün xarabalıqlar sarsıdıcı mənzərədir.

Mən Şuşada və ya ermənilərin təbirincə desək, Şuşidə bir küçədə dayanmışam və yarıuçuq çoxmənzilli yaşayış binasının xarabalığına baxıram. Bu münaqişənin faciəsi bu binanın, bütün Qarabağın hər guşəsindədir.

Boş qalmış yarıuçuq evlərdən biri
Şəklin alt yazısı, Boş qalmış yarıuçuq evlərdən biri

Azərbaycanın Xankəndi adlandırdığı Stepanakertdə “Qarabağ telecom” şirkətinə baş çəkəndə təəccübləndim ki, tanınmamış respublikanın öz mobil rabitə şəbəkəsi də varmış.

Beynəlxalq minatəmizləyən Halo Trust təşkilatının işini çəkmək üçün getdiyimiz Mağadis kəndində əlini bir-iki il bundan əvvəl mina partlayışında itirmiş bir oğlanın ailəsi ilə tanış olduq. O hardansa tapdığı atılmamış mərmini çəkiclə döyəcləyirmiş... İndi Karenin 14 yaşı var. O kəsik əlini cibində gizlədir. Qaradinməzdir.

Onun anası Larisa, xoşsifət qadındır. O bizə Qarabağdakı həyatın çətinliklərindən danışır:

"Uşaqların yeganə əyləncəsi hər gün kompüter qarşısında keçirdikləri yarım saat vaxtdır. Burda bizim nə klublarımız, nə də kinoteatrlarımız var. Yalnız məktəb və ev”.

Görünür yerli məktəbi təzə təmir ediblər. Girişdə Qarabağ müharibəsi qəhrəmanlarının şəkilləri var. İngilis dili dərsinə daxil oluram.

Müəllim 23 yaşlı Yuliyadır. Yerevandandır, əri hərbçidir, burada xidmət keçir. Yuliya deyir ki, “düşməni daha yaxşı tanımaq üçün” Azərbaycan dilini öyrənməyə başlayıb.

Yulia Qarabağ münaqişəsinin yaşıdıdır. O, azərbaycanlılarla ermənilərin dinc yanaşı yaşadıqları vaxtı görməyib. O əsəbiləşir ki, “dolma” və “balaban” kimi ermənilərə aid nə varsa, hamısına azərbaycanlılar yiyə çıxıblar.

"Uşaqların yeganə əyləncəsi hər gün kompüter qarşısında keçirdikləri yarım saat vaxtdır," Larisa deyir
Şəklin alt yazısı, "Uşaqların yeganə əyləncəsi hər gün kompüter qarşısında keçirdikləri yarım saat vaxtdır," Larisa deyir
Yerli məktəb girişində Qarabağ müharibəsi qəhrəmanlarının şəkilləri var
Şəklin alt yazısı, Yerli məktəb girişində Qarabağ müharibəsi qəhrəmanlarının şəkilləri var

İki xalqın nümayəndələri arasında regionun hər hansı tarixi, mədəni və ya mətbəx irsinin kimə aid olduğu barədə tez-tez mübahisələr düşür.

Onlar aralarında bu qədər ortaq şeylərin olduğunu görməkdən imtina edirlər.

Keçmişlərdə mən münaqişənin Azərbaycan tərəfində də olmuşam. Burada da xarab yollar, yoxsulluq və daim düşmən gülləsinə tuş olmaq qorxusu hökm sürür. Erməni tərəfində təmas xəttinə bilavasitə yaxın yaşayış məntəqələrinin sayı xeyli azdır.

Azərbaycanda çəkilişdən sonra yol kənarında sadə bir kafeyə gəldik. Burada mən ən gözəl xörəklərdən birinin – qoyun ətindən bişirilmiş və saxsı qablara tökülmüş noxudlu pitinin dadına baxdım. Xörəyin keyfiyyəti Bakının dəbdəbəli restoranlarında olduğundan çox yaxşı idi.

“Bu, Qarabağ azərbaycanlılarının ən məşhur xörəyidir” – deyirdilər həmkarlarım.

Amma bu duru yeməkdən cəbhə xəttinin o biri tərəfində də verirlər axı...

Bakının ətraflarında hökumət qaçqınlar üçün yeni yaşayış binaları tikib. Onların sayı milyondan çoxdur. Bu, əhalinin adambaşına düşən qaçqın sayına görə dünyada ən böyük göstəricilərdəndir. Burada nəvəsini məktəbə aparan yaşlı qadından necə yaşadıqlarını soruşanda, qayğıya görə dövlətə təşəkkürünü bildirir, lakin deyir ki, ən çox arzu etdiyi öz torpağına qayıda bilməsidir.

Qarabağda əvvəllər Azərbaycanda yaşamış çox sayda erməni var. Göyərtisatan Rimma Sumqayıt qaçqınıdır. Mənimlə söhbətində o, iş, maaş və sakitlik olan vaxtları xatırlayır. İndi bunların heç biri yoxdur. İqtisadi baxımdam Qarabağ Ermənistandan tam asılı vəziyyətdədir.

Səfərim zamanı söhbətlərdən biri də həmin bu “müstəqillik” barədə idi. Qarabağ erməniləri özlərini “Hayastan erməniləri”ndən fərqli hesab edirlər.

“Biz burda təmiz məhsuldan meyvə şirəsi hazırlayırıq” – deyir bir qadın Yerevandan gəlmiş həmsöhbətinə. Sonra da tezcə Qarabağın “müstəqil vergiləri”ndən gileylənir.

Burada arzu olunanı həqiqət kimi təqdim etmək meyli var. Götürək elə aviabiletlər üçün reklam lövhəsini. Lövhədə üzərində “Boeing” uçan təmirli aeroprtun binası təsvir edilib.

Biz bu aeroportda da olduq. Əntiqə təmir ediblər, di gəl, işləmir. Azərbaycan onun hava məkanını pozan təyyarələri vuracağı ilə hədələyib.

Buna görə də, Qarabağa getməyin yeganə vasitəsi maşınla Ermənistan paytaxtından 7-8 saat çəkən səfərdir. Ətrafdakı gözəllik isə təsviredilməzdir. Dağlar doğrudan da qaradır. Bura əbəs yerə "Qarabağ" demirlər ki... "Qarabağ" azərbaycancadır, hərçənd yerli ermənilər bu ərazini "Artsax" adlandırmağa üstünlük verirlər.

“Necə bilirsiniz, siz yenidən sülh şəraitində yaşaya bilərsinizmi” sualına cavab olaraq Qarabağ erməniləri müharibə istəmədiklərini deyirlər. Lakin Azərbaycanla heç bir dialoq yoxdur. Tanınmamış respublikanın hökuməti hesab edir ki, onların iştirakı olmadan bu münaqişəni tənzimləmək mümkün deyil.

Bu səfər zamanı xatirəmdə ən çox qalmış adamlardan biri də 87 yaşlı Qran Tahiryan idi. Biz onunla Qarabağı tərk edərkən görüşdük. Operatorumuz və mən erməni kilsəsinin qarşısında dayanmış ağ bığlı bu maraqlı qocanı görəndə, çəkiliş aparmaq üçün sürücüdən maşını saxlamasını xahiş etdik.

"Bax, burda dayanmışam və təbiəti seyr etməkdən doymuram, - deyir sonradan biləcəyim kimi, müharibədə “Rac Kapur” ləqəbli oğlunu itirmiş qoca.

"Mənim Allahdan bircə gileyim var. O gərək bizim hamımızı bir millət kimi yaradaydı. Onda müharibələr də olmazdı”...