Soros Fondu təzyiq və təqiblərə son qoymağa çağırır

Şəklin mənbəyi, presidentaz
Dünya İqtisadi Forumu çərçivəsində İsveçrədə olan prezident İlham Əliyev Azərbaycanın siyasi-iqtisadi vəziyyətindən danışıb.
Cənab Əliyev deyib ki, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar Azərbaycanda xərclərə nəzarətin gücləndirilib və israfçılığa yol verilməsi hallarının qarşısının alınması üçün tədbirlər görülür.
Onun sözlərinə görə, Azərbaycan siyasi islahatlar aparılır, insanların yaşayışı yaxşılaşır, qeyri-neft sektoru neft sektorunu üstələyir.
Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edir və donor ölkəyə çevrilərək xarici ölkələrdə layihələr maliyyələşdirir, İlham Əliyev qeyd edib.
Dağlıq Qarabağ münaqişəsindən söz açan prezident Əliyev, Avropa ilə Asiyanı birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu, həmçinin “Cənub” qaz dəhlizi layihələrindən danışıb.
Bu sessiyadan əvvəl cənab Əliyev Böyük Britaniyanın bp şirkətinin baş icraçı direktoru Robert Dadli ilə “Cənub” qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasından danışıb.
Corc Sorosla görüş
Başqa bir görüş isə “Soros Fondu”nun təsisçisi Corc Soros ilə baş tutub. Prezidentin saytı bildirir ki, Azərbaycanda gedən inkişaf prosesləri barədə söhbət edilib.

Şəklin mənbəyi, presidentaz
Fondun yaydığı bəyanatda deyilir ki, cənab Soros prezident Əliyevi vətəndaş cəmiyyətinə təzyiqi azaltmağa və qeydiyyatdan keçmiş xeyriyyə təşkilatlarının təqibinə son qoymağa çağırıb.
"Son bir neçə ay ərzində Azərbaycan hökuməti onlarla siyasi fəal, insan haqları fəalı, jurnalistlər və hüquqşünasları həbs edib, onlara qarşı vəsaitin mənimsənilməsindən tutmuş vətənə xəyanətə qədər müxtəlif ittihamlar irəli sürüb. Bəzilərinə uzunmüddətli həbs cəzaları kəsib".
Fond Leyla Yunus, Rəsul Cəfərov, İntiqam Əliyev və jurnalist Xədicə İsmayılın adlarını xüsusilə çəkib.
Bəyanatda deyilir ki, hakimiyyət apreldə Açıq Cəmiyyət- Yardım Fondunun Bakı ofisini hədəfə alıb, yerli bank hesabını dondurulub, kompüterləri müsadirə edilib, keçmiş əməkdaşları dindirilib.
1999-cü ildən Azərbaycanda yerli tərəfdaşlarla birgə neft və qaz gəlirlərinin şəffaflığı, eləcə də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü çərçivəsində layihələr keçirən Açıq Cəmiyyət İnstitutu ona qarşı bütün iddiaları rədd edib.




