Lerik sakini: "Eşşək palanına bidon yükləyib suyu dağdan elə daşıyırıq"

Şəklin mənbəyi, RAMIZ QERIBOV
- Müəllif, Nailə Abdiyeva
- Vəzifə, BBC Azərbaycanca, Bakı
Azərbaycanın cənubunda Bakıdan təxminən 320 km uzaqlıqda yerləşən Lerik rayonunun sakinləri susuzluqdan şikayətçidir. BBC Azərbaycancaya danışan sakinlərin sözlərinə görə, rayona ana su xətti çəkilsə də, iki aydan çoxdur ki, bu sudan istifadə edə bilmirlər.
"2012-ci ilə qədər sovet vaxtı çəkilən xətdəki sudan istifadə edirdik. Amma təzə xətt çəkiləndən Lerik rayonu su üzünə həsrət qalıb. Su ana xəttlə anbara qədər gəlib çıxır, amma orda boru partladığına görə rayona su gəlmir", - rayon sakini Bulud Ağayev BBC Azərbaycancaya deyir.
Onun sözlərinə görə, sakinlərin şikayətinə nə su idarəsi, nə də icra hakimiyyəti baxır.
"Suyu bizə pulla satırlar. Türkiyənin "Gelişim Group" şirkəti 28 milyon manata Lerikin su və kanalizasiya xəttlərini çəkməli idi. 28 milyon hara getdi bəs? Niyə mən bir ton suya 5 manat verib suyu almalıyam? Elə ailə var ki, bir ton suyu bir günə istifadə edir."
"AzərSu" Səhmdar Cəmiyyətinin Lerik rayon üzrə rəisi Asif İmanov sakinlərin suyu pulla aldıqları haqda iddialar "əsassızdır" adlandırıb.
"Hansı sakin suyu pulla alırsa, mənə müraciət etsin. Elə şey ola bilməz. Kimsə evə maşınla bulaq suyu alır, amma heç bizim abonent deyil. Bunun bizə aidiyyatı yoxdur", cənab İmanov BBC Azərbaycancaya bildirib.
Gelişim Group
Lerik rayon sakini Qızqayıt Şərifova rayonda su probleminin olmasını "keyfiyyətsiz" su xəttləri ilə əlaqəli olduğunu deyir və rayon icra hakimiyyətinin məsələ ilə maraqlanmadığını iddia edir.
"Təzə turbalar plastmassdandır, təzyiqlə suyu buraxırlar və boru partlayır. Suyu çox vaxtı pul ilə alırıq. Gedib dağdan eşşəyə bidonla yükləyib gətiririk".
Onun sözlərinə görə, icra hakimiyyətinə sakinlərin şikayətini dinləmək istəmir.
"İcra hakimiyyətinə getmişik, amma bizi polis içəri buraxmır. Deyirlər icra hakimiyyəti istirahətdədir, bəs biz kimə şikayət edək?", - o qeyd edir.
Lerik rayon İcra Hakimiyyətinin başçısının müavini Habil Məlikov bu iddiaları qəbul etmir və deyir ki, bu məsələ ilə bağlı vətəndaşların şikayətləri ilə şəxsən özü məşğul olur.
"Türkiyə şirkətinin üç ildir gördüyü işlər çox keyfiyyətsizdir. Nəticədə 18 km-lik su boru xətti partlayır. İcra hakimiyyəti olaraq biz maşınlar təşkil etmişik və əhaliyə təmənnasız su paylayırıq", o deyir.
"Gelişim Group" şirkətinin Türkiyədə yerləşən baş ofisindən belə bir layihə ilə bağlı Lerikdə iş apardıqlarını təsdiqləsələr də, əlavə açıqlama verməkdən imtina ediblər.
Şirkətin Azərbaycan üzrə nümayəndəsilə isə əlaqə yaratmaq mümkün olmayıb.

Şəklin mənbəyi, ELCHIN MIRZEYEV
"AzərSu" Səhmdar Cəmiyyətinin Lerik rayon üzrə rəisi Asif İmanov ana su xəttində "qəza" səbəbindən əhalinin su ilə təminatının daşıma yolu ilə həyata keçirildiyini deyir.
"Əhaliyə gün ərzində maşınla su daşıyırıq, təminatımız tamdır. Su xəttinin çəkilişi zamanı hansısa bir problem ola bilər, amma hazırda da iş davam edir. Bu o demək deyil ki, borular keyfiyyətsizdir", - o söyləyib.
İcra Hakimiyyətini narahat edən məsələlərdən biri də asfaltlanmış yollar su xəttlərinin çəkili işləri ilə əlaqədar "bərbad vəziyyətə düşməsidir"
"Şəhərə böyük ziyan dəyib. Kanalizasiya sistemi məhv olub. Çox pis vəziyyətdəyik. Məsələ ilə bağlı Nazirlər Kabinetinə, Su və Meliorasiyaya Açıq Səhmdar Cəmiyyətinə müraciət etmişik. Deyiblər ki, şirkətin başqa nümayəndəsi gəlib işləri həyata keçirəcək", cənab Məlikov qeyd edir.
Ekspertiza
İH-nın tikinti üzrə yerli nəzarətçisi Tahir Əliyev su xətlərindəki problemin son bir ayda yarandığını bildirir.
"İşin 80 faizi görülüb. Tikinti zamanı gecikmələr olur, amma tikintinin keyfiyyəti barədə deyilənlərlə razı deyiləm. Bütün işlərə burda ciddi nəzarət var. İşin gecikməsi su anbarının yerinin təsbit olunması və alınması məsələsi ilə əlaqəlidir", Əliyev BBC Azərbaycancaya açıqlamasında deyib.
Boruların partlaması haqda iddianı şərh edən cənab Əliyevin sözlərinə görə, borular Türkiyəyə ekspertiza üçün göndərilib.
"İndi hamı gözləyir ki, o boruların ekspertizası nə göstərəcək. Suyun təzyiqi borulara vuranda artır, dəmir borular da olsa partlaya bilər. Amma biz səbəbi öyrənmədən nəsə demək düzgün deyil".
Nəzarətçinin sözlərinə görə, ana su xəttinin çəkilişinə 2011-ci ildən tikintiyə başlanılıb və layihə 2016-cı ilə qədər bitməlidir.
"1 il işlətmə müddəti olacaq şirkət tərəfindən, sonra iş "AzərSu"ya təhvil veriləcək", o əlavə edib.
Türkiyənin "Gəlişim İnşaat, Turizm, Sənaye və Ticarət LTD"nin "Gelişim Group" şirkəti "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin 2011-ci ildə keçirdiyi tenderdə qalib olub.
Şirkət Lerikdə su təchizatı və kanalizasiya şəbəkələrinin, həmçinin su və çirkli su qurğularının təkmilləşdirilməsi məqsədilə keçirilən tenderi udub.
İcra Hakimiyyətinin saytında yerləşdirilən məlumata əsasən, Lerik rayon əhalisinin sayı 79 min nəfərdir.




