Gülər Əhmədova şərti azadlığa buraxılıb

Gülər Əhmədova

Şəklin mənbəyi, Publikaaz

Apellyasiya Məhkəməsi "külli miqdarda dələduzluq" və "qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə" maddələri ilə üç illik azadlıqdan məhrum edilən sabiq deputat Gülər Əhmədovanın kassasiya şikayətini təmin edib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə xanım Əhmədovanın barəsində birinci instansiya məhkəməsinin qərarını üç il sınaq müddəti təyin olunmaqla şərti azadlıqdan məhrum etmə ilə əvəz edib, APA xəbər verir.

"Gülər Əhmədova barəsində bəraət hökmü çıxarılması üçün çalışacağıq", sabiq deputatın vəkili Əfsər Talıbovdan sitat gətirilir. Məlumata görə Ali Məhkəmədə kassasiya şikayətləri təmin olunmasa, xanım Əhmədova bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyi planlaşdırır.

Bazar ertəsi xanım Əhmədova məhkəmədə çıxış edərək deyib ki, onun üçün ən vacib "Azərbaycan dövlətçiliyi və qanunvericiliyidir".

"Elşad da, Gülər də qurban olsun Azərbaycan dövlətçiliyinə. Mənim qətiyyən günahım yoxdur. Əgər dələduz olsaydım, üç dəfə deputat seçilməzdim. Ailəmizin vəziyyəti çox dramatikdir. Elşad Abdullayev Azərbaycan dövlətçiliyinin düşmənidir, mən isə dövlətçiliyin müdafiəsində durmuşam. Sizdən ədalət və mərhəmət diləyirəm", agentlik sabiq deputatdan sitat gətirir.

Sabiq deputat Gülər Əhmədova fəaliyyəti dayandırılmış ABU-nun sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra, fevralın 13-də həbs olunub.

Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə ötən ilin dekabr ayında o, üç il müddətinə azadlıqdan məhrum edilib.